...

YAP Gənclər Birliyində 31 mart soyqırımı ilə bağlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 31 Mart 2015 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart /Trend/

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, mühazirədə YAP Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov, sədr müavini Samirə Quliyeva, tarix elmləri doktoru, professor Anar İsgəndərov və fəal gənclər iştirak edib.

YAP Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, tək 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı deyil, eləcə də bir çox mövzularda YAP GB-nın Ofisində tədbirlər keçirilib: "Biz bəlkə də yeganə dövlətlərdən biriyik ki, ildə üç dəfə matəmlə, Azərbaycana qarşı baş vermiş soyqırımlarla (20 yanvar, 26 fevral Xocalı Soyqırımı və 31 Mart Azərbaycanlıların soyqırımı günü") bağlı tədbirlər həyata keçiririk. Hər il Azərbaycanda adları sadalanan tarixlər anılır. Eləcə də bir çox Qərb, qonşu dövlətlərdə tədbirlər, anım günləri, konfranslar keçirilir. Bir sözlə, bu həqiqətlərin dünyaya çatdırılması istiqamətində işlər davam edir. Azərbaycanın qonşusu olan, illərlə ölkəmizin çörəyini yeyən Ermənistan və onun xalqı bir çox dövlətlərlə, havadarları ilə birləşərək Azərbaycana qarşı soyıqırmlar törədiblər".

S.Orucov əlavə edib ki, bu cür məsələlərdə həmişə Azərbaycan dövləti ziyan çəkib: "Həmin ermənilər böyük dövlətlərlə birləşərək bir növ onların oyunlarını həyata keçirmək üçün vasitə olublar. Təbii ki, bundan da əziyyət çəkən bizim xalqımız, millətimiz, dövlətimiz olub. Soyqırım tək Bakı, Qarabağda deyil, əgər biz tarixə nəzər salsaq görərik ki, Quba, Şamaxı, Hacıqabul, Şamaxı, Naxçıvan MR, Lənkəran və digər bölgələrdə də həyata keçirilib. Lakin biz Azərbaycan gəncliyi mütləq tariximizi yaxşı bilməli, eləcə də qonşularımızı, dostlarımızı, düşmənlərimizi yaxşı tanımalıyıq. Ən əsası isə tariximizi araşdırmalıyıq. Çünki biz bunu bilmədiyimiz təqdirdə gələcəkdə yenidən təkrarlana bilər. Bizim əsas məqsədimiz odur ki, gənclərimiz, yeni gələn gənclik bu məsələni daha da yaxşı bilsinlər".

Tarix elmləri doktoru, professor Anar İsgəndərov soyqırımı günü ilə əlaqədar mühazirəsində bildirib ki, 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış "31 mart azərbaycanlıların soyqırımı haqqında" Fərman tarixi həqiqətlərin araşdırılması və dəyərləndirilməsi baxımından mühüm sənəddir: "1918-1920-ci illərdə erməni hərbi birləşmələrinin xalqımıza qarşı həyata keçirdikləri soyqırım faktları Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının arxiv sənədlərində öz əksini tapır".

Komissiyanın 1918-ci il iyul ayının 15-də Azərbaycan Milli Hökuməti tərəfindən Gəncədə yaradıldığını bildirən A.İsgəndərov komissiyanın yaradılmasında əsas məqsədin ermənilər tərəfindən 1918-ci ilin martında Bakıda, mart-may aylarında Şamaxıda, may-iyun aylarında Qubada, 1918-1919-cu illərdə Qərbi Azərbaycanda və Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən soyqırımlarla bağlı təhqiqat sənədlərinin toplanması və bu sənədlərin dünyanın müxtəlif dillərində nəşr olunması və beynəlxalq aləmə çatdırılmasından ibarət olduğunu deyib.

A.İsgəndərov qeyd edib ki, Bakıdakı qırğın zamanı öldürülən azərbaycanlıların sayı 12 min nəfərə qədər olub. Onun sözlərinə görə, həmin dövrdə ermənilər tərəfindən Şamaxı şəhərində 8 min, Qubada isə 16 min insanın həyatına son qoyulub. Belə ki, tarixçi alim Qubada azərbaycanlılarla yanaşı, 3 000-dən çox yəhudinin də soyqırıma məruz qaldığını bildirib.

Tədbirdə diskussiya şəklində yekun vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti