Azərbaycan, Bakı, 24 aprel /Trend/
Bu gün Bakıda Azərbaycan KİV rəhbərlərinin Rusiyanın Sverdlovsk vilayətinin aparıcı mətbuat nümayəndələri ilə görüşü keçirilib.
Trend-in məlumatına görə, görüşdə iki ölkənin jurnalistləri Azərbaycan və Rusiya KİV-lərindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Rusiya jurnalistlərini xüsusilə media nümayəndələrinin sosial problemlərinin həlli məsələləri və dövlətin onlara göstərdiyi qayğı maraqlandırıb.
Rusiyalı jurnalistlərə Azərbaycanda KİV-lə bağlı vəziyyətin yaxşı olduğu barədə məlumat verilib.
Dövlətin Azərbaycanın KİV nümayəndələrinə göstərdiyi qayğının parlaq nümunəsi qismində iki il əvvəl 150-dən çox jurnalistin yeni binada mənzil alması, KİV əməkdaşları üçün ikinci binanın tikintisinin davam etməsi faktları göstərilib. Mənzil alan jurnalistlər arasında müxalifyönlü KİV-lərin nümayəndələri də olub.
Qərb mətbuatında peşəkar fəaliyyətləri zamanı azərbaycanlı jurnalistlərə təzyiq göstərilməsi barədə yayılan məqalələrlə bağlı rusiyalı həmkarlarının suallarını cavablandıran Azərbaycanın media rəhbərləri bildiriblər ki, belə bəyanatlar tamamilə əsassızdır və burada söhbət Bakıda keçirilmiş "Eurovision" mahnı müsabiqəsindən öncə olduğu kimi, I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı məqsədyönlü kampaniyadan gedir.
Görüşdə Azərbaycan KİV-lərini AZƏRTAC Dövlət İnformasiya Agentliyinin baş redaktoru Yaşar Quluzadə, Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Vaqif Şərifov, "İnterfaks-Azərbaycan" agentliyinin baş direktoru Aleksandr İvanov, "Novosti-Azerbaydjan" agentliyinin baş direktoru Vüqar Xəlilov və "CBC" telekanalının baş direktoru Azər Xəlilov təmsil ediblər.
Rusiya tərəfdən isə görüşdə Sverdlovsk vilayətinin "Oblastnaya qazeta" qəzetinin baş direktoru Dmitri Polyanin, APİ (Siyasi İnformasiya Agentliyi) informasiya agentliyinin direktoru Aleksandr Andreyev, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkətinin bölgə filialının direktoru İrina Şukina, www.E1.ru-nun baş redaktoru Rinat Nizamov və digərləri iştirak ediblər.