...

IDEA "Yaşıl Marafon"a yekun vurub (FOTO)

Cəmiyyət Materials 2 İyun 2015 12:31 (UTC +04:00)
IDEA-nın Yaşıl Marafon layihəsinə yekun vurulub.
IDEA "Yaşıl Marafon"a yekun vurub (FOTO)

Azərbaycan, Bakı, 2 iyun /Trend/

IDEA-nın "Yaşıl Marafon" layihəsinə yekun vurulub.

2014-cü ilin noyabr ayında IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış "Ümumrespublika Yaşıl Marafon" layihəsinə mayın 30-da yekun vurulub. IDEA-dan Trend-ə verilən məlumata görə, layihə çərçivəsində 2014-cü ilin payız və 2015-ci ilin yaz əkin mövsümləri zamanı ölkə ərazisində ümumilikdə 1,5 milyona yaxın müxtəlif cinsli ağaclar əkilib. "Yaşıl Marafon"un gedişi, həmçinin əkilmiş ağaclar barədə məlumatlar, rayon və şəhərlər üzrə hesabat və ağacəkmə aksiyalarından fotoşəkillər layihənin internet səhifəsində yerləşdirilmişdir (http://ideacampaign.org/green_marathone/).

"Yaşıl Marafon" başlandığı ilk gündən etibarən ictimaiyyət tərəfindən geniş maraqla qarşılanmış və dövlət qurumları, özəl şirkətlər, vətəndaş cəmiyyəti nümayəndələri onun gedişatında xüsusi fəallıq nümayiş etdiriblər. Ağacəkmə aksiyalarına ölkəmizin 76 rayon və şəhər icra hakimiyyətləri qoşulub.

IDEA İctimai Birliyi "Yaşıl Marafon" layihəsinin uğurla həyata keçirilməsinə və ölkəmizin ətraf mühitinə verdikləri töhfəyə görə bütün tərəfdaşlara dərin minnətdarlığını bildirir.

IDEA ölkə ərazisində yaşıllıqların qorunması və artırılması məsələsinə xüsusi həssaslıqla yanaşır. Belə ki, məhz İctimai Birliyin təşəbbüsü ilə son 4 ildə Azərbaycanda 4 milyondan artıq ağac əkilib. Bununla yanaşı, IDEA İctimai Birliyi və Heydər Əliyev Fondunun birgə təşəbbüsü ilə 2014-cü ilin may ayında təsis edilmiş "Ağacların kəsilməsinə yox" proqramı fəaliyyət göstərdiyi bir il ərzində Bakı şəhəri və ətraf rayonlarda qanunsuz ağac kəsilməsinin qarşısının alınmasına əhəmiyyətli töhfə verib. Proqram çərçivəsində yaradılmış (şəhər telefonları və bütün mobil operatorlardan) "1113" qaynar xəttinə bu günə kimi vətəndaşlardan 150 şikayət daxil olub və hər bir şikayət Proqram çərçivəsində fəaliyyət göstərən "Təbiətə təcili yardım" mobil qrupu tərəfindən yerində araşdırılıb və məhv edilmiş yaşıllıqların bərpası məqsədilə müvafiq dövlət qurumları ilə birlikdə zəruri tədbirlər görülüb (http://ideacampaign.org/az/first_aid_to_the_nature/).

IDEA İctimai Birliyi ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti