Azərbaycan, Bakı, 3 iyul /Trend/
Azərbaycan Mühəndislik Akademiyasının prezidenti və Milli Aviasiya Akademiyasının rektoru, Kosmos Şurasının sədri, akademik Arif Paşayevin rəhbərliyi ilə Azərbaycan Mühəndislik Akademiyası və Milli Aviasiya Akademiyası "Azərkosmos: Bu günü və perspektivləri" mövzusunda "dəyirmi masa" keçirilib.
Trend-in AZƏRTAC-a istinadən verdiyi məlumata görə, mühəndislik Akademiyasının vitse-prezidenti, akademik Əhəd Canəhmədov bildirib ki, "dəyirmi masa"da akademiyanın üzvləri, alimlər, mütəxəssislər iştirak ediblər.
Akademik Arif Paşayev "dəyirmi masa"nı giriş sözü ilə açaraq vurğulayıb ki, bu gün "Azərspace-1"in sayəsində milyonlarla insan dayanıqlı informasiya və kommunikasiya xidmətlərinə çıxış imkanları əldə edib. "Azərspace-1" Afrika, Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdə 50-dən artıq ölkəni birləşdirən ortaq məkanda mühüm informasiya ötürücüsü funksiyasını uğurla yerinə yetirir. Yüksək ixtisaslı peşəkar heyətə və texniki imkanlara malik olan "Azərkosmos" ASC yaradılmasından ötən dövr ərzində ölkədə və bütövlükdə regionda informasiya-kommunikasiya texnologiyaları sektorunun aparıcı qüvvələrindən birinə çevrilib.
"Azərkosmos" ASC-nin son dövrlərdəki fəaliyyəti barədə cəmiyyətin sədri Rəşad Nəbiyev məlumat verib.
Sonra ABŞ-ın Merilend Universitetinin professoru, kosmik tədqiqatlar sahəsində görkəmli alim, akademik Roald Saqdeyev çıxış edib.
Mövzu ətrafında geniş müzakirələr aparılıb.
Yekunda ölkəmizin mülki hava nəqliyyatında göstərdiyi xidmətlərinə görə "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti, Mühəndislik Akademiyasının həqiqi üzvü Cahangir Əsgərov Akademiyanın "Mühəndislik Rəşadəti" qızıl medalı ilə təltif olunub.
Görkəmli alim, akademik R.Saqdeyev ölkəmizlə kosmik sahədə faydalı əməkdaşlığına, Azərbaycan ilə ABŞ arasında beynəlxalq əlaqələrin möhkəmləndirilməsində və inkişafındakı xidmətlərinə görə akademiyanın "Mühəndislik Rəşadəti" qızıl medalı ilə təltif edilib.