Azərbaycan, Bakı, 9 iyul /Trend/
"Azərbaycan Hava Yolları" QSC (AZAL) 10 iyul 2015-ci il tarixindən etibarən bir sıra reyslərdə sərnişinlər üçün yeni elit xidmət sinfi - "biznes-lüks" tətbiq edəcək.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, "biznes-lüks" sinfi aviasiya xidməti sahəsində müasir texnologiyalar və nailiyyətlərin istifadəsi nəticəsində təyyarələrin bortunda daha yüksək xidmət standartlarını nəzərdə tutur. Yeni xidmət sinfini seçən sərnişinlər ənənəvi "biznes-klass" xidmətləri ilə yanaşı, aşağıdakı üstünlüklərdən yararlanacaqlar:
- əsas yemək, sərinləşdirici və spirtli içkilərin geniş seçim menyusu;
- xüsusi səyahət dəstləri;
- uzun məsafəli uçuşlarda pijama;
- uşaqlar üçün hədiyyələr və s.
İlk olaraq yeni xidmət sinfi ilə AZAL-ın Nyu-York, London və Pekinə uçuşlar həyata keçirən "Airbus 340" və "Boeing 787 Dreamliner" flaqman təyyarələrinin sərnişinləri tanış olacaqlar.
"Biznes-lüks" xidmət sinfinə yuxarıda sadalanan istiqamətlər üzrə aviabiletlər almaq və daha ətraflı məlumat əldə etmək üçün Çağırış Mərkəzinə müraciət edə bilərsiniz: (+99412) 598-88-80: *8880; e-mail: [email protected] və ya "Azərbaycan Hava Yolları" QSC satış ofisləri
Qeyd edək ki, "Azərbaycan Hava Yolları" böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 19 ölkədə 40 istiqamətdən ibarətdir. 2014-cü ildə "Azərbaycan Hava Yolları" 1 milyon 800 mindən çox sərnişin daşıyıb.
Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tamamilə cavab verir, AZAL isə mülki aviasiyanın ən nüfuzlu assosiasiyası - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür.
2015-ci ilin iyun ayında Böyük Britaniyanın aviaşirkətlərin xidmət səviyyəsinin qiymətləndirilməsi sahəsində ən taninmış konsaltinq şirkəti "Skytrax" AZAL-ı nüfuzlu "4 Ulduz" reytinqinə layiq görüb. Bundan əlavə, Azərbaycan milli daşıyıcısının "Dünyanın ən böyük irəliləyiş əldə etmiş aviaşirkəti" adlı qlobal kateqoriyada "Skytrax" agentliyi tərəfindən təsis olunan "World Airline Awards" mükafatına namizədliyi verilib və şirkət fəxri ikinci yeri tutub.
AZAL 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. AZAL-ın qərargahı Bakı şəhərində, beynəlxalq standartlara cavab verən Heydər Əliyev Beynəlxalq Hava Limanında (hava limanı 2014-cü ilin dekabrında "4 Ulduz" reytinqinə layiq görülüb) yerləşir. Heydər Əliyev Beynəlxalq Hava Limanı əlverişli coğrafi mövqeyinə görə Şərq və Qərb, Şimal və Cənub arasında tranzit uçuşlar baxımından regionda birinci yer tutur.