Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir Ənvər Məmmədov/
"İnterfaks-Azərbaycan"ın baş direktoru Aleksandr İvanov Rusiya Federasiyasının Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlərlə İş və Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin ("Rossotrudniçestvo") "Dostluq və əməkdaşlığa görə" fəxri nişanı ilə təltif edilib.
Trend-in məlumatına görə, A.İvanova mükafatı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin təqdim edib. Mərasimdə "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəsi Valentin Denisov da iştirak edib.
V.Doroxinin sözlərinə əsasən, A.İvanov Azərbaycan-Rusiya münasibətləri üçün unikal şəxsiyyətdir: "Azərbaycanda hələ də Azərbaycan-Rusiya münasibətləri ənənələrinin canlı daşıyıcıları var. Aleksandr İvanov onların arasında özünəməxsus yer tutur. Onda Azərbaycan və Rusiyaya qarşı sevgi yaşayır. O, başa düşür ki, bu iki ölkə bir-biri ilə təbii müttəfiq olmadan mövcud ola və uğurla inkişaf edə bilməz".
Öz növbəsində, V.Denisov "Rossotrudniçestvo"nun rəhbəri Lyubov Qlebovanın A.İvanovun "Dostluq və əməkdaşlığa görə" fəxri nişanı ilə təltif edilməsi haqqında 24 iyun 2015-ci il tarixli sərəncamını oxuyub.
Sərəncamın mətnində deyilir: "Beynəlxalq humanitar əməkdaşlığın inkişafı və Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi üzrə fəal işinə görə "İnterfaks-Azərbaycan" informasiya agentliyinin baş direktoru Aleksandr İvanov "Rossotrudniçestvo"nun "Dostluq və əməkdaşlığa görə" fəxri nişanı ilə təltif edilsin".
Mükafatlandırılmasını şərh edən A.İvanov mətbuat nümayəndələrinə təşəkkür edərək qeyd edib ki, həmkarların iştirakı ilə belə əhəmiyyətli mükafatı almaq onun üçün çox xoşdur. O, həmçinin "İnterfaks-Azərbaycan"ın baş direktoru vəzifəsində fəaliyyətinə verilən yüksək qiymətə görə "Rossotrudniçestvo"ya təşəkkürünü bildirib.
A.İvanov əlavə edib: "Təltif olunduğum mükafatın adında "dostluq" və "əməkdaşlıq" sözləri var. Bu, məhz Azərbaycan-Rusiya münasibətlərinin indiki xüsusiyyətini xarakterizə edən sözlərdir. Buna görə də bu bizim uğurumuzdur və baş verənləri qlobal kontekstdə qiymətləndirsək, bu mükafat ikitərəfli əməkdaşlığın hərtərəfli inkişafı üçün böyük səylər göstərən dövlətlərimizin və onların rəhbərlərinin uğurunun tanınmasıdır. Öz adımdan "İnterfaks-Azərbaycan"ın baş direktoru vəzifəsində faəliyyətimə verilən belə yüksək qiymətə görə şəxsən bir daha minnətdarlığımı ifadə etmək və sizi əmin etmək istərdim ki, rəhbərlik etdiyim agentlik dostluq və əməkdaşlıq naminə ölkələrimizin yaxınlaşmasına öz töhfəsini verməyə davam edəcək".