...

Yunus Oğuz: “Azərbaycanın geosiyasəti”

Cəmiyyət Materials 13 İyul 2015 14:50 (UTC +04:00)

Yunus Oğuz

"Azərbaycanın geosiyasəti"

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Milli təhlükəsizliyin, stabil inkişafın təminatçısı kimi geosiyasi etibarlılığın ən mühüm amillərindən biri ölkədə dini dözümlülüyün, yaxud tolerantlığın hökm sürməsidir. Belə ki, dövlətin yürütdüyü dini siyasət nəticəsində müxtəlif məzhəblərin, dinlərin, təriqətlərin nümayəndələri tam sərbəst şəkildə öz dinlərinə sitayiş edir, müxtəlif ayinlər keçirir, qarşılıqlı mehriban münasibətlər çərçivəsində başqa dinə mənsub olanlara hörmətlə yanaşırlar. Məzh dini tolerantlıq Azərbaycanın beynəlxalq aləmlə yanaşı, həm də regionda nüfuzunu artırır, geosiyasi etibarlılığını daha da yüksəldir. Geosiyasi etibarlılığın mühüm xüsusiyyətlərindən biri də, deyərdim ən əsası da dinin dövlətdən ayrı olması, onun dövlət işlərinə, idarəolunmasına müdaxilə etməsinə yol verməməsidir.

Sevindirici haldır ki, dövlət və hökumət nümayəndələri xaricdə yaranan dini radikal qrupların ölkədə fəaliyyət göstərməsinin qarşısını qətiyyətlə alırlar. Buna bəzən Azərbaycanda geoiqtisadi və geosiyasi maraqlar səbəbindən, eyni zamanda ölkədə stabil inkişaf istəməyən, yürüdülən xarici siyasətlə razılaşmayan xarici güclərin müəyyən qrupları da rəvac verir.

Belə ki, dövlətin geosiyasi etibarlılığı, geosiyasi çəkisi, Cənubi Qafqaz regionunda tam liderlik nüfuzu artdıqca, bəzi xarici dini cərəyanlar bu nüfuzu azaltmaq, beynəlxalq aləmdə Azərbaycanın geosiyasi çəkisinə zərbə vurmaq üçün radikal dini cərəyanların yerli özəklərini yaratmağa cəhd etməklə buna nail olmaq istəyirlər.

Azərbaycan dövləti belə halların qarşısını qətiyyətlə aldıqca onun siyasi çəkisi və nüfuzu daha da artmış olur. Qlobal güc mərkəzləri ölkənin belə sürətli və dayanıqlı inkişafını əngəlləmək, özlərinin geosiyasi və geoiqtisadi maraqlarını təmin etdirmək üçün daima çalışırlar ki, Azərbaycanda sosial, siyasi qarşıdurmalarla yanaşı, həm də dini qarşıdurma yaransın. Onlar üçün "bulanıq suda balıq tutmaq" prinsipini həyata keçirmək, nəyin bahasına olursa olsun öz maraqlarını reallaşdırmaq, Azərbaycanda xaos yaratmaq, bununla da özlərinin lazımlıq dərəcəsini yüksəltmək hər şeydən vacibdir.

Bu baxımdan öz ölkələrində qadağan olunmuş radikal dini cərəyanları Azərbaycana transfer etmək, bu ölkədə radikal dini cərəyanın özəklərini yaratmaq, bununla da xaos və qarşıdurmaya cəhd etmək istəyən qüvvələrin qarşısını Azərbaycan dövləti qətiyyət və kəskinliklə alır. Dini dözümlülük haqqında Əli Həsənov öz kitabında belə yazır: "Azərbaycan Cənubi Qafqazda həm də xristianlıqla islamın sərhədlərinin bitdiyi və sivilizasiyaların qovuşduğu, müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin bir arada inkişaf etdiyi, dini dözümlülüyün hökm sürdüyü coğrafi məkan olaraq, öz multikultiralist və tolerant cəmiyyəti, sabit ictimai mühit ilə seçilir. Bu istiqamətdə ölkə rəhbərliyinin yürütdüyü ardıcıl siyasət ölkənin regionda geosiyasi nüfuzunu artırmaqla yanaşı, həm də Cənubi Qafqaz və Xəzər hövzəsində sabitlik və təhlükəsizliyin təmin olunmasına ciddi təsir göstərir. Bütün bunlar da Azərbaycanın xarici aləmlə geosiyasi tərəfdaşlığına müsbət təsir göstərən əsas amil hesab olunur". (Bax, s. 146)

Azərbaycanın geosiyasi nüfuzunu artıran, onun geosiyasi etibarlılığını və çəkisini yüksəldən amillərdən biri də etnik tolerantlığın, yaxud etnik dözümlülüyün olmasıdır. Belə ki etnik kimliyindən asılı olmayaraq hərə öz dilində təhsil ala, dövlət quruculuğunda təqib olunmadan, aşağılanmadan, Azərbaycanın iqtisadi, mədəni, siyasi həyatında fəal iştirak edə, istədiyi siyasi partiyaya üzv, yaxud onun təsisçisi ola, yaxud etnik məsələləri qabartmadan kütləvi informasiya vasitələrinə rəhbərlik edə, dövlətin seçkili qurumlarında namizədliyini irəli sürə və seçilə, təyinatlı vəzifələrdə yüksək məmur yeri tuta bilər. Bunun üçün yetərlidir ki, vətəndaşlıq mövqeyin güclü olsun, azərbaycançılıq və bundan irəli gələn milli ideya birliyinə sadiq olsun, etnik separatizm və bölücülüklə məşğul olmasın.

90-cı illərdə bir sıra şəxslər etnik bölücülüklə məşğul olmağa çalışsalar da, elə öz soydaşları tərəfindən bu separatizm qətiyyətlə rədd edildi və onlar tərəfindən, eyni zamanda dövlət qurumlarının fəal və vaxtında müdaxiləsindən sonra tərksilah məhkəmə önünə çıxarıldılar və layiqli cəzalarını aldılar. Bu hadisə zamanı Heydər Əliyevin atdığı addımlar, soyuq və düşünülmüş məntiqlə verdiyi qərarlar, eyni zamanda bölücülüyü yayan və təbliğ edənlərə qarşı amansız mübarizəsi yerindəcə və yetərincə oldu və üç-dörd nəfərin ortaya atdığı separatizm birdəfəlik kökündən kəsildi.

Əslində, bu o zaman idi ki, Azərbaycan bir çox dövlətlərlə böyük neft sazişi imzalamaq ərəfəsində idi və bəzi qlobal güclərə Azərbaycanın müstəqil neft sazişi imzalamaq sərf etmirdi, bunun üçün də müxtəlif yollar və üsullardan istifadə edirdi ki, o cümlədən bölücülüyü və separatizmi ortalıqla bunun qarşısını almaq, bu sazişi imzalamaq istəyən şirkətlərə dolayısı ilə bildirmək istəyirdilər ki, Azərbaycanda geosiyasi etibarlılıq yoxdu və sizin buraya cəlb etdiyiniz və qoyduğunuz sərmayələr nəinki gəlir verə, hətta bu yatırım bata bilər və siz burada heç bir şey qazana bilməzsiniz. Bir sözlə anlatmaq istəyirdilər ki, nə qədər gec deyil, buralardan çəkilin.

Bir qədər gec də olsa, yalnız Heydər Əliyevin ağır və uzun sürən mübarizəsindən, onun etibarlılıq qarantını alandan sonra 1994-cü il 20 sentyabrda böyük neft sazişi imzalandı. Görürsünüzmü, hətta bəziləri heç fikirləşmədən hansı beynəlxalq güclərin alətinə çevrilirlər. Bu baxımdan Azərbaycan dövlətinin vətəndaşlarına verdiyi hüquqlar, onların milli kimliyinin dövlət quruculuğunda əsas götürülməməsi, yalnız insani keyfiyyətlərinin, savadlı və ziyalı, məntiqli, işgüzar kadrların önə çəkilməsi diqqətəlayiqdir.

Ölkədə Heydər Əliyev tərəfindən irəli sürülən və dönmədən həyata keçirilən azərbaycançılıq ideologiyası belə halların qarşısını tamamilə kəsdi, etnik qarşıdurmanı və bölücülüyü ləğv etdi, özünün beynəlxalq nüfuzunu, geosiyasi etibarlılığını və geosiyasi çəkisini daha da artırdı. Müəllif yazır: "Tədqiqatçılar üstün geosiyasi resursları sırasına, həmçinin azərbaycanlıların ölkədaxili və beynəlxalq aləmdə nümayiş etdirdiyi vətəndaş birliyini, hakimiyyətin siyasətinə xalqın etimadını və dəstəyini, milli maraqların və ölkədaxili sabitliyin qorunması üçün əhalinin, xüsusən də ziyalıların nümayiş etdirdiyi güclü milli iradəni, vətəndaş əzmini və dövlətçilik təfəkkürünü və s. aid edirlər". (Bax, s.146)

Müəllifə görə geosiyasi etibarlılığın daha bir amili onun rəhbərinin, yaxud rəhbər işçilərinin qazanılmış reputasiyası, təsdiq olunmuş nüfuzu, daxildə və beynəlxalq aləmdə nümayiş etdirdiyi pozitiv, aktual, yaradıcı fəaliyyətidir.

Belə ki, liderin nüfuzunun artmasına səbəb sözübütövlüyü, daxildə və beynəlxalq aləmdə Azərbaycan dövləti adından götürdüyü öhdəlikləri dönmədən yerinə yetirmək, tərəfdaşlığa və əməkdaşlığa önəm vermək, xarici aləmdə bağladığı müqavilələrə sadiq qalmaq, idman, iqtisadi, mədəni sahələrdə, beynəlxalq sərgilərdə keçirdiyi tədbirlərin yüksək keyfiyyətinə cavab verməsi, eyni zamanda dövlət başçısının komandasının bütün tədbirlərə yüksək səviyyədə hazırlaşması və həyata keçirməsi, məsul olduğu, həyata keçirdiyi tədbirləri məsuliyyətlə keçirməsi və onların təhlükəsizliyinə cavabdeh olması və sairədir.

Məsələn, Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi üçün İlham Əliyevin Avropa Olimpiada Komitəsi və ölkələri qarşısında dövlət adından götürdüyü öhdəliyi yüksək keyfiyyətlə yerinə yetirmiş, Azərbaycan dövlətinin adını, geosiyasi nüfuzunu daha da möhkəmlətmişdir. Eləcə də, bütün beynəlxalq tədbirlərə ev sahibliyi etmiş Azərbaycan dövlətinin rəhbərinin yüksək hazırlığı beynəlxalq şirkətlərin, qurumların, dövlətlərin qarşısında cəlbediciliyini nəinki artırır, həm də onun işgüzarlığını bir daha sübut edir.

Eyni zamanda, dövlət başçısının daxildə apardığı dönməz siyasət, həyata keçirdiyi demokratik, siyasi islahatlar, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, bu islahatların beynəlxalq normalara cavab verməsi, yaranan mənfi tendensiyanın dərhal aradan qaldırılması, insan haqlarına hörmətlə yanaşması və onların qorunması, qanunlara hörmət edilməsi və onlara kimliyindən asılı olmayaraq əməl edilməsi, hüquqi dövlətin yaranması üçün dönməz çalışması dövlətin geosiyasi etibarlılığını və çəkisini artırır, onun nüfuz dairəsini daha da genişləndirir.
Ardı var

Məqalədə:
Xəbər lenti

Xəbər lenti