...

Gəncədə “Təhsil” Respublika İdman Mərkəzinin cüdo və ağırlıq qaldırma zallarının açılışı olub (FOTO)

Cəmiyyət Materials 14 İyul 2015 10:54 (UTC +04:00)
Bu gün “Təhsil” Respublika İdman Mərkəzi Gəncə filialında “Gəncə şəhər İdman Mərkəzinin təkmilləşdirilməsi” layihəsinin başa çatması ilə əlaqədar tədbir keçirilib.
Gəncədə “Təhsil” Respublika İdman Mərkəzinin cüdo və ağırlıq qaldırma zallarının açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Bu gün "Təhsil" Respublika İdman Mərkəzi Gəncə filialında "Gəncə şəhər İdman Mərkəzinin təkmilləşdirilməsi" layihəsinin başa çatması ilə əlaqədar tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə cüdo və ağırlıq qaldırma zallarının açılışı olub.

Mərasimdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev, Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşini, "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" üzrə məsləhətçisi Seto Hiroşi, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev ölkə Prezidenti cənab İlham Əliyevin hərtərəfli qayğısı sayəsində idmanın inkişafına xüsusi diqqət yetirildiyini, bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirildiyini, son illər idmançıların böyük uğurlar qazandığını, Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi olaraq tanındığını bildirib. "Bakı-2015" I Avropa Oyunlarında qazanılan qələbələrin bunun bariz nümunəsi olduğunu vurğulayıb. Əminliyini bildirib ki, bu idman müəssisəsində, açılışını etdikləri idman zallarında yaradılan nümunəvi şərait Azərbaycan, Avropa, dünya çempionlarının yetişməsinə imkan verəcək.

Naqif Həmzəyev tədbir iştirakçılarını, idmançıları və bütün gəncəliləri təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşini çıxışında layihənin Gəncə şəhər rəhbərliyinin təşəbbüsü ilə həyata keçirildiyini, Yaponiya Səfirliyi ilə "Gənclərin Sosial Problemlərinin Həllinə Yardım" İctimai Birliyi arasında 6 fevral 2015-ci ildə saziş imzalandığını diqqətə çatdırıb. Bildirib ki, layihənin əsas məqsədi Gəncə şəhər İdman Mərkəzini təmir etməklə, Azərbaycanın Qərb hissəsində yaşayan gənclər arasında idman mədəniyyətini yüksəltmək, gənclərin cəmiyyətdə sağlam inkişafına töhfə verməkdir.

Bu, Gəncədə Yaponiya Hökumətinin "Mədəniyyət üzrə Ot kökləri Qrant Yardımı Proqramı" çərçivəsində ilk layihəsidir. Yaponiya Hökumətinin yuxarıda qeyd olunan proqramı çərçivəsində Azərbaycanda bu layihə də daxil olmaqla, artıq yeddi layihə üzrə qrant müqaviləsi imzalanıb.

Yaponiya Hökumətinin "Mədəniyyət üzrə Ot kökləri Qrant Yardımı Proqramı" layihələri ilə yanaşı Gəncədə bu vaxta qədər "Ot Kökləri və İnsan Təhlükəsizliyi qrant Yardımı Proqramı" çərçivəsində 12 layihə üzrə qrant müqaviləsi imzalanıb.

Səfir Tsuquo Takahaşini layihənin uğurla yekunlaşmasında göstərdiyi diqqət və qayğıya görə Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev və Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşini cüdo və ağırlıq qaldırma zallarının qırmızı lentini kəsiblər.

Mərasimdə yapon idman növü olan cüdo və karate üzrə 130 idmançının iştirakı ilə nümunəvi çıxışlar göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti