...

Azay Quliyev: Azərbaycanda mətbuata qayğı bir çox ölkələrə də nümunə olmalıdır (FOTO)

Cəmiyyət Materials 16 İyul 2015 18:02 (UTC +04:00)
Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Azərbaycanda milli mətbuatın yaranmasının 140 illiyi ilə bağlı tədbir keçirilib.
Azay Quliyev: Azərbaycanda mətbuata qayğı bir çox ölkələrə də nümunə olmalıdır (FOTO)

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Azərbaycanda milli mətbuatın yaranmasının 140 illiyi ilə bağlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açıq elan edən Şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Azərbaycanda mətbuatın müstəqil və peşəkar fəaliyyəti üçün dövlət tərəfindən yardılan şəraitdən, Şura və medianın yaxından əməkdaşlığı haqqında danışıb.

Toplantıda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev Azərbaycan mətbuatının yaranma tarixi və inkişaf mərhələləri haqqında fikirlərini çatdırıb. A.Quliyev ötən 140 il ərzində mətbuatın çətin və şərəfli bir yol keçdiyini deyib: "Təsadüfi deyil ki, "Əkinçi" qəzeti milli şüurun formalaşmasında mühüm rol oynadı və mətbuatın sonrakı inkişafına böyük töhfələr verdi. Məhz bu maarifçilik ideyaları üzərində bərqərar olan Azərbaycan mətbuatı uzun yol qət edərək hazırkı inkişaf səviyyəsinə çatıb. Bu gün ölkəmizdə mətbuat və söz azadlığı tamamı ilə təmin edilib".

Şura sədri bildirib ki, Azərbaycanda mətbuatın müasir inkişafı Heydər Əliyevin adı ilə bağlıdır: "Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mətbuat dövlət qayğısı ilə əhatə olundu, senzura ləğv edildi, bir çox mətbu orqanların nəşriyyatlara olan borcları ya silindi, ya da azaldıldı".

Şura sədri mətbuata dövlət qayğısından danışıb və qeyd edib ki, hazırda Prezident İlham Əliyev tərəfindən Azərbaycan mətbuatına diqqət və qayğı böyükdür: "Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin sosial problemlərinin həll edilməsi və digər məsələlər bu diqqətdən irəli gəlir. Bütün bunlar bir çox ölkələrə də nümunə olmalıdır".

A.Quliyev çıxışında qeyd edib ki, cənab Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb: "Artıq bu çərçivədə Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirlərinin keçirilməsinə başlanılıb. Bu mükafatladırma tədbiri də ölkədə qeyd olunan böyük mətbuat bayramına kiçik bir töhfədir".

Şura sədri Azərbaycan jurnalistlərinin vətəndaş cəmiyyətinin inkişafında önəmli rola sahib olduqlarını deyib. Son bir ay ərzində Şura və ümumilikdə QHT sektorunun fəaliyyəti barədə mətbuatda 900-dən çox yazı dərc edilib: "Arzu edirəm ki, jurnalistlər bundan sonra da daim obyektivliyi qorumağı bacarsınlar. QHT sektorunun fəaliyyətinin ictimaiyyətə çatdırılmasındakı xidmətlərinə görə onların hər birinə minnətdaram".

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu isə çıxışında Həsən bəy Zərdabinin fəaliyyətindən danışaraq, onun "Əkinçi" qəzetini təsis etməklə Azərbaycan mətbuatının sağlam özülünü qoyduğunu vurğulayıb: "Bu gün çox sevindirici haldır ki, mətbuatımız inkişaf edir, jurnalistlərə diqqət və qayğı göstərilir. Hesab edirəm ki, mətbuat bu gün ölkəmizin qazandığı çoxsaylı uğurlara şərikdir".

Sonda mətbuatın 140 illiyi ilə bağlı KİV nümayəndələrinə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti