...

İnsana zəhərli təsir göstərən GMO bitkilər: Azərbaycanda yeni araşdırmalara başlanacaq

Cəmiyyət Materials 30 İyul 2015 17:04 (UTC +04:00)
Bu ilin sonunda Azərbaycanın bəzi regionlarında təsərrüfatlarda genetik modifikasiya olunmuş (GMO) bitki toxumlarından istifadə vəziyyətini yoxlamaq üçün araşdırmalara başlanacaq.
İnsana zəhərli təsir göstərən GMO bitkilər: Azərbaycanda yeni araşdırmalara başlanacaq

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Bu ilin sonunda Azərbaycanın bəzi regionlarında təsərrüfatlarda genetik modifikasiya olunmuş (GMO) bitki toxumlarından istifadə vəziyyətini yoxlamaq üçün araşdırmalara başlanacaq.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktor müavini, Genetik Modifikasiya Olunmuş Bitkilər üzrə Ekspert Şurasının sədri, biologiya elmləri üzrə fəlsəfə doktoru Mehrac Abbasov deyib.

Şura sədrinin sözlərinə görə, monitorinqləri Gəncə-Qazax və əsas iri taxılçılıq təsərrüfatları olan Şəki-Zaqatala bölgəsində aparmaq planlaşdırılır: "Dünyada GMO məhsullar əsasən qarğıdalı və soya bitkiləri olduğundan monitorinq zamanı da həmin məhsullar üzrə yoxlamalar aparılacaq. Güman etmirik ki, meyvə bitkisində GMO olsun. Ona görə də əsasən qarğıdalı və soya bitkiləri üzrə monitorinq aparacağıq. Dünyada kartof, pomidorun da genetik modifikasiya olunmuşları var, bazara çıxarılır. Amma GMO pomidorlar çox satılmadı, ona görə də bazarlardan yığışdırıldı. Amma Azərbaycanda pomidorlar üzrə monitorinq aparmamışıq. Pomidor, kartofdan da nümunələr götürməyi fikirləşirik, amma onların GMO olacağı barədə ehtimallar çox azdır. Hesab etmirik ki, Azərbaycanda əkilən bu məhsullar GMO-dur".

M.Abbasov qeyd edib ki, təsərrüfatlarda GMO bitki toxumlarından istifadə vəziyyətini yoxlamaq məqsədilə ötən il Quba-Xaçmaz, Lənkəran-Astara, Şəki-Zaqatala bölgələrində ilk monitorinq aparılıb. Lakin araşdırma zamanı belə toxumlar aşkarlanmayıb: "Biz yoxlamalar zamanı belə materiala rast gəlmədik. Ola bilsin ki, başqa rayonlarda belə toxumlar var, amma biz bunu yoxlamamışıq və təsdiq etməmişik".

Şura sədrinin sözlərinə görə, "Toxumçuluq haqqında" qanuna, eləcə də digər qanunlara əsasən, Azərbaycanda fermer öz əkin sahəsində istədiyi toxumu əkə bilməz: "Onlar Azərbaycandakı elmi tədqiqat institutlarında alınan toxumlardan istifadə etməlidirlər. Çünki həmin toxumlar 100 faiz GMO olmur".

M.Abbasov bildirib ki, xaricdən gətirilən toxumlar isə qanunvericiliyə uyğun olaraq gömrük məntəqələrində yoxlanılır. Yoxlama zamanı həmin toxumların GMO olduğu aşkarlanarsa, onlar geri qaytarılmalıdır: "Qanunla belə olmalıdır, amma kimsə Gürcüstana, Türkiyəyə gedib çantasında nə isə toxum gətirirsə, o zaman ehtiyatlı olmaq, həmin toxumun sertifikatına baxmaq lazımdır. Əgər sertifikatda GMO yazılıbsa, onu əkməsinlər. Yaxud sertifikat yoxdursa, özləri həmin toxumdan şübhələnirlərsə, o zaman bizim instituta müraciət edə bilərlər. Biz tez bir zamanda həmin toxmun GMO olub-olmadığını müəyyənləşdirə bilərik".

İnstitutun direktor müavini deyib ki, GMO məhsullar quraqlığa, xəstəliyə davamlı olduğundan, yaxşı məhsul verdiyindən bütün dünyada fermerlər onları əkməyə üstünlük verirlər. Bu baxımdan əsasən qarğıdalı və soyaya daha çox üstünlük verilir: "Ancaq GMO ilə hibrid edilmiş bir qarğıdalı sortu 1-2 il, əsasən də bir il əkilir və yüksək məhsul alınır. Növbəti il həmin məhsuldan toxum götürmək mümkün olmur. Ona görə də fermerlər çalışırlar ki, hibrid toxum əksinlər və bir il yüksək məhsul götürsünlər".

M.Abbasov əlavə edib ki, məhsulların GMO olub-olmadığını adi gözlə, yaxud morfoloji əlamətlərinə görə müəyyənləşdirmək mümkün deyil. Bunun üçün mütləq genetik analiz aparılmalı və onun GMO olub-olmadığı müəyyənləşdirilməlidir.

Azərbaycan Tibb Universitetinin Tibbi profilaktika və tibbi biologiya fakültəsinin dekanı, tibb elmləri namizədi Aydın Məmmədov isə Trend-ə bildirib ki, GMO yeyinti məhsullarının insan orqanizminə iki əsas zərəri var. Bunların birinci toksiki, yəni zəhərli təsirdir.

Alim qeyd edib ki, genləri dəyişdirildikdə məhsula xəstəliklərlə, ziyanvericilərlə mübarizə aparılması və məhsuldarlığın yüksəldilməsi üçün müxtəlif canlıların - ya həşəratların, ya da bitkilərin genləri vurulur. Bunun nəticəsində həmin məhsulda yeni zülal sintez olunur ki, insan orqanizmi də onu yaxşı həzm edə bilmir. Bu səbəbdən həmin məhsullar insana zəhərli təsir göstərir. Digər tərəfdən, həmin zülal orqanizm üçün yeni olduğundan və o, yeyinti məhsulunun tərkibində ənənəvi qaydada sintez edilmədyindən insana allergik təsir göstərərək müxtəlif allergik xəstəliklərin yaranmasına səbəb olur.

A.Məmmədov deyib ki, bu təsirlər həm də bitkinin tərkibində genlərin dəyişdirilməsi həddinin hansı səviyyədə olmasından asılı olaraq özünü göstərir: "Orqanizmdə yad, zərərli maddələrlə mübarizə aparan əsas orqan qaraciyərdir. Onun bir funksiyası da antitoksik, yəni orqanizmə daxil olan zəhərli toksiki maddələrin zərərsizləşdirilməsidir. GMO yeyinti məhsullarının qəbulu nəticəsində bu funksiyalar pozulur, qaraciyərə əlavə yüklər düşür. Onda qaraciyər bunların öhdəsindən gələ bilmir və orqanizmdə ümumi zəhərlənmə əlamətləri yaranır. Bundan sonra da orqanizmdə müqavimətin pozulması səbəbindən müxtəlif patoloji hallar, xəstəliklər yarana bilər".

Dekan bildirib ki, bu amilləri nəzərə alan inkişaf etmiş ölkələr GMO məhsulları qadağan edib və ya məhsulların tərkibində genlərin dəyişdirilməsinin doza həddini məhdudlaşdırıblar. Həmin ölkələrdə ticarət obyektlərində belə məhsulların üzərində onun tərkibində GMO-nun olması və genlərinin dəyişdirilməsi həddi qeyd edilir. Bioloji yeyinti məhsulları adlanan belə məhsulların qiymətləri də təbii yeyinti məhsullarından xeyli ucuz olur.

A.Məmmədovun sözlərinə görə, GMO yeyinti məhsullarının satışına, istehsalına qadağa qoyulması və məhdudlaşdırılması ölkələrin kənd təsərrüfatının inkişaf səviyyəsindən asılıdır. Kənd təsərrüfatı inkişaf etmiş ölkələrdə həmin məhsulların satışı və istifadəsi məhdudlaşdırılır və ya qadağan edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti