...

Azərbaycanda dövlət qulluğunda işləyənlər üçün növbəti şans

Cəmiyyət Materials 21 Avqust 2015 09:50 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 31 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 211 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqə başa çatıb.
Azərbaycanda dövlət qulluğunda işləyənlər üçün növbəti şans

Azərbaycan, Bakı, 21 avqust /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 31 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 211 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqə başa çatıb.

Komissiyadan Trend-ə bildiriblər ki, müsabiqədə iştirak etmək üçün Komissiyada 844-ü qadın namizəd olmaqla 2850 namizəd qeydə alınmışdır. Qeydə alınmış 2850 namizədin 75,72%-ni gənclər təşkil edib.

Müsabiqənin test imtahanı mərhələsi 2015-ci il 22 may - 2015-ci il 11 iyun tarixlərdə keçirilib. Namizədlərdən 999 nəfəri (bütün namizədlərin 35,05%-i) test imtahanında iştirak etməyib. Test imtahanı mərhələsində iştirak edən 1851 namizədin hər birinə test imtahanını bitirdiyi an nəticələri əks etdirən arayış təqdim edilib, eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib.

Test imtahanında 548 nəfər (bütün namizədlərin 19,23%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub.

Onlardan:
- 181 nəfəri 5-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb;
- 246 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb;
- 121 nəfəri 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.

Müsabiqənin müsahibə mərhələsi 2015-ci il 22 iyun - 2015-ci il 6 avqust tarixlərdə keçirilib. Müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş 434 namizəddən 35 nəfəri müsahibə mərhələsində iştirak etməyib. Müsahibədə iştirak etmiş namizədlərdən 119 nəfəri vəzifəyə uyğun hesab edilib. Müsahibələrin nəticələri üzrə ümumilikdə 21 apellyasiya şikayəti olub. Bunlardan 19-u təmin olunmayıb. 2 namizədin müsahibə nəticələri ləğv edilərək onlarla yeni müsahibə keçirilib. Keçirilmiş yeni müsahibələr nəticəsində 1 namizəd vəzifəyə uyğun hesab edilib.

Müsabiqə qaliblərinin şəxsi işləri qanunvericiliyə uyğun qaydada və müddətdə müvafiq dövlət orqanlarına göndərilib. Artıq onlardan 25 nəfəri vakant dövlət qulluğu vəzifələrinə təyin olunub. Müsabiqə qaliblərinin dövlət orqanları üzrə təyinatları davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti