...

Valideynlərin nəzərinə: uşaqlarınıza məktəb çantası alarkən buna diqqət yetirin

Cəmiyyət Materials 28 Avqust 2015 21:23 (UTC +04:00)
Orta məktəbdə təhsil alan uşaqlar üçün çantaların düzgün seçilməməsi onların sağlam böyüməsinə mane olur.
Valideynlərin nəzərinə: uşaqlarınıza məktəb çantası alarkən buna diqqət yetirin

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Orta məktəbdə təhsil alan uşaqlar üçün çantaların düzgün seçilməməsi onların sağlam böyüməsinə mane olur.

Trend xəbər verir ki, mütəxəssislərin tövsiyələrinə görə, istənilən yaşda olan məktəblilər bir çiyinə taxılan çantalardan istifadə etməməlidir. Bu, uşaqlarda skoliozun inkişafına səbəb olacaq. Ən uyğun variant - iki çiyinə taxılan çanta ("rükzak") sayılır.

Boş çantanın çəkisi 1 kq-dan artıq olmamalıdır.

Kiçik yaşlı məktəblilərin çantaları sərt olmalıdır (bu xüsusilə uşağın belinə söykənən hissəyə aiddir) ki, çantanın içində olan kitablar və s. uşağın belinə təzyiq etməsin. Yeniyetmələr daha yumşaq çantalardan istifadə edə bilərlər.

İbtidai siniflərdə oxuyan uşaqların çantasının arxası ortopedik olmalıdır - onurğanın formasını təkrarlamalıdır. Bu uşağın qamətini pozmur, əksinə, qamətin normal formalaşmasına kömək edir.

Uşağın belinə söykənən hissə sərt olmalıdır, lakin onun üzərində yumşaq qat (adətən qubka, üzərində də toraoxşar material) olmalıdır ki, uşağa daha rahat olsun və onun beli tərləməsin.

Təbii ki, çantanın malı yüngül, keyfiyyətli, davamlı və su keçirməyən (neylon və ya poliester) olmalıdır. Çanta çox böyük, enli olmamalıdır.

Kiçik yaşlı uşaq üçün çanta seçdikdə daha parlaq rənglərdə olan çantalara üstünlük verin. Bu uşağın təhlükəsizliyi üçün vacibdir - belə çanta uzaqdan görünür və avtomobil sürücüləri bunu uzaqdan görüb daha diqqətli olacaqlar. Sürücülər üçün ən gözə çarpan rənglər sarı və narıncı sayılır.

Çantanın keyfiyyətindən, rəngindən və sairdən əlavə, çantanın uşağın belində düzgün oturmağı da çox vacibdir. Çantanın eni uşağın çiyinlərinin eni ilə təxminən eyni olmalıdır. Çantanın yuxarı hissəsi uşağın çiyinləri ilə, aşağı hissəsi uşağın beli ilə eyni səviyyədə olmalıdır.

Çanta uşağın belinə kip "yapışmalıdır". Uşağa çox böyük, enli çanta almayın - bu onun qamətinə mənfi təsir edəcək. (saglamolun.az)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti