...

Azərbaycanda qarın üzərində qurulan “dostluqlar”

Cəmiyyət Materials 1 Sentyabr 2015 09:52 (UTC +04:00)

Azərbaycan xəbərlər xidməti

Məftun Salmanov-Trend:

Qadınlara xitab edilərək deyilmiş "kişinin ürəyinə gedən yol onun mədəsindən keçir" məsəlinin nə qədər doğru olduğunu müasir günümüzdə xüsusilə gənc oğlanlar arasında dostluq münasibətlərinin qurulmasında görürük.

Məsələ burasındadır ki, bir yerdə yeyib-içən insanlar daha tez "dostlaşır" və ya onlar "dost" olduqlarını düşünürlər. Bu tendensiya insanlarımız arasında getdikcə daha çox yayılır və yeyib-içmək mərasimi bir növ "dostluğ"a namizəd olanlar üçün imtahana çevrilir.

İnsanlar dostluq münasibətləri qurarkən daha çox asan yol seçirlər. Hər hansı bir kafedə və ya çayxanada oturub yeyib-içməklə "dostluğ"un əsası qoyulur. "Dostlaşma" prosesinin tamamlanması üçün sonradan bu cür məclislərin mütəmadi hal alması vacib şərt hesab edilir.

Əlbəttə ki, bu cür yolla qurulan dostluqların hamısının əsasında qarın amilinin dayandığını demək olmaz. Lakin müşahidələr göstərir ki, belə "dostluq"ların ömrü yeyib-içilən məhsulların mədəyə düşüb çıxması qədərdir.

Yeyib-içmək məclislərindən geri qalanlar və gəlməyənlər yavaş-yavaş unudulur. Onlara "gəl gedək filan yerdə oturaq" deyə zənglər edilmir. Beləcə, vaxtilə "yaxşı dostlarım var" deyən insanlar arxivləşir.

Maraqlıdır ki, çox vaxt spirtli içkilər bir-birinə dost, qardaş deyənlərin dostluqda 40 faiz olduqlarını üzə çıxarır. Dostluğa and yox, araq içənlər qardaş dediyi insanları bir qələmdə silir. Adətən kriminal xəbərlərdə dostların kafedə yeyib-içdikdən sonra bir-birini bıçaqladığını və nalayiq söyüşlər söydüyünü eşidirik.

Belə "dostluq"ların qurulmasının əsas səbəbi müasir gənclərin mütaliəyə az yer verməsi və əyləncəni prioritet seçməsi ilə bağlıdır. Belə insanlar çox vaxt düşünməyi sevmirlər. Baş işlətməyən insan isə qarnını işlətməyə məcbur qalır.

Bəs əsl dost kimdir və necə olmalıdır? Əsl dost bədənin hər hansı üzvünə, indiki halda qarına deyil, ruha xitab etməlidir. İnsanın yeyib-içməsi onun heyvanlar kimi təbii ehtiyacıdır. Lakin ruhun qidası sırf insanlara məxsus haldır.

Əsl dost təkcə sevinclərini, kədərlərini deyil, həm də ən gizli sirlərini bölüşən insandır. Yəqin çoxunuz etiraf edərsiniz ki, sirlərinizi, demək olar, heç kimlə bölüşmürsünüz. Bu da dostluğun əsas sütunlarından olan etibarlılıq keyfiyyətinin insanlarda olmaması ilə bağlıdır.

Bu isə artıq başqa məqalənin mövzusudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti