...

Şeyxülislam Allahşükür Paşazadə İran xalqına və Ayətullah Əli Xamneyiyə başsağlığı verdi

Cəmiyyət Materials 1 Oktyabr 2015 16:29 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün İranın Azərbaycandakı səfirliyində olub.
Şeyxülislam Allahşükür Paşazadə İran xalqına və Ayətullah Əli Xamneyiyə başsağlığı verdi

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün İranın Azərbaycandakı səfirliyində olub və Məkkədə baş verən faciədə ölən iranlı zəvvarlarla bağlı İran xalqına və İranın ali lideri Ayətullah Əli Xamneyiyə başsağlığı verib. Bu barədə Trend-ə İranın Azərabycandakı səfirliyindən məlumat verilib.

A.Paşazadə Qafqaz müsəlmanları adından Minada baş vermiş izdihamda həlak olmuş iranlı hacıların anılması məqsədilə səfirliyin binasında qoyulan "xatirə kitabı"na fikirlərini yazıb.

Şeyxülislam İranın Azərbaycandakı səfiri Möhsün Pakayinlə görüşüb və builki Həcc mərasimi zamanı bəzi çatışmazlıqların olduğunu vurğulayıb.

O bildirib ki, azərbaycanlı zəvvarlar da işlərin zəif təşkili, dönüş zamanı uçuşlarda yaranan gecikmələr və digər problemlərdən narazı idilər: "Çox böyük faciə baş verib və bizim İranın Bakıdakı səfirliyində olmağımız İran xalqına başsağlığı vermək üçün edə biləcəyimiz ən kiçik bir işdir".

Görüşdə İranın Azərbaycandakı səfiri M.Pakayin İslam ölkələrinin Həcc mərasimində təhlükəsizliyin təmin olunması üzrə birgə əməkdaşlıq etməsinin zəruriliyindən danışıb.

Qeyd edək ki, sentyabrın 30-u və oktyabrın 1-də İranın Bakıdakı səfirliyində Minada baş vermiş izdihamda həlak olmuş iranlı hacıların anılması məqsədi ilə "xatirə kitabı" qoyulub. Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus rəhbərləri, Azərbaycanın dövlət rəsmiləri, jurnalistlər və sakinlər "xatirə kitabı"na ürək sözlərini yazırlar.

Xatırladaq ki, Məkkədə - Mina dağında sentyabrın 25-də baş verən izdihamda 750-dən artıq zəvvar ölüb, 1000-ə yaxın zəvvar isə yaralanıb. Minadakı hadisədə ölən iranlı zəvvarların sayı 464 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti