...

Elman Babayev: Dəqiqləşdirilməmiş məlumatlar sosial müdafiə üzrə islahatlara kölgə salmaq cəhdindən başqa bir şey deyil

Cəmiyyət Materials 2 Oktyabr 2015 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Təsadüfi telefon kamerası ilə çəkilərək yayılmış anonim videosüjetə və onun kimliyi bəlli olmayan müəllifinə istinad olunmaqla, guya ünvanlı dövlət sosial yardımı almaq üçün 5 ay ərzində Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) müraciət edən qadının halının pisləşməsi ilə bağlı yayılan məlumat tam əsassız və həqiqətdən uzaqdır. Bunu Trend-ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

Onun sözlərinə görə, qeyd olunan videosüjetdəki görüntü ilə bağlı aidiyyəti üzrə ƏƏSMN ilə heç bir dəqiqləşdirmə aparmadan və məsələnin mahiyyətini öyrənmədən, əslində övladının müalicəsi ilə bağlı müraciət edən bir qadının yanlış olaraq guya "ünvanlı dövlət sosial yardımı almaq üçün 5 ay ərzində ƏƏSMN-ə ayaq döydüyü" barədə belə bir dezinformasiya xarakterli məlumatın yayılması mətbu prinsiplərə və jurnalist etikasına tamamilə zidddir.

Nazirlik rəsmisi diqqətə çatdırıb ki, sözügedən videosüjetdəki qadın - Bakı şəhəri, Nərimanov rayon sakini Əhmədova Elmira Mustafa qızı heç də ünvanlı dövlət sosial yardımı almaq üçün deyil, qızı, II qrup əlil Günay Əhmədovanın müalicəsi ilə əlaqədar hələ ötən il ƏƏSMN-ə müraciət edib: "Halbuki vətəndaşların müalicəsi işinin aparılması ƏƏSMN-in səlahiyyətlərinə aid məsələ deyil. Bununla belə, əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən E.Əhmədova ötən ilin noyabrında fərdi qaydada qəbul edilərək müraciəti dinlənilib və nazirin göstərişinə əsasən, onun qızının müalicəsinə köməklik məqsədilə nazirliyin "Əlillərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərən Komissiya"sının qərarı ilə E.Əhmədovanın qızına göstəriləcək tibbi xidmətin müqabilində "Bakı Medikal Plaza" klinikasına 1000 manat məbləğində vəsait köçürülüb. Bundan bir ay keçməmiş E.Əhmədova övladının müalicəsi üçün yenidən vəsait köçürülməsi tələbi ƏƏSMN-ə müraciətlər etməkdə davam edib. E.Əhmədovaya dəfələrlə bildirilib ki, qızının müalicəsi ilə bağlı Səhiyyə Nazirliyinin müvafiq rəyi və onun müalicə olunacağı tibb müəssisəsindən hesab-faktura təqdim edildiyi halda nazirliyin qeyd edilən komissiyasında qızının müalicəsinə köməklik məqsədilə yenidən vəsait ayrılması məsələsinə baxıla bilər. Lakin keçən müddət ərzində E.Əhmədova qızının müalicəsinə yenidən vəsait ayrılmasına baxılması üçün tələb olunan sənədləri yarımçıq təqdim edib, yəni tibb müəssisəsindən təqdim edilən hesab-fakturada kimə tibb xidməti göstəriləcəyi qeyd olunmayıb. Buna baxmayaraq, E.Əhmədova 1 oktyabr 2015-ci il tarixdə ƏƏSMN-ə müraciəti zamanı qızının müalicəsinə köməklik üçün yenidən təcili vəsait köçürülməsini tələb edib və əsassız ittihamlarla orada qarışıqlıq yaratmağa, qarşı tərəfin onun müraciətini məhz qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırmasına baxmayaraq, heç bir səbəb olmadan ictimai etika qaydalarına zidd formada əsəbi halda qışqırmağa, bununla nazirlik əməkdaşlarına təzyiq göstərməyə cəhd edib. E.Əhmədova tərəfindən zəruri sənədlər təqdim ediləcəyi halda onun müraciətinə nazirliyin qeyd olunan komissiyasının növbəti iclasında baxılacaq və bu barədə ona da məlumat verilib".

E.Babayev bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illərdə əmək və sosial müdafiəsi sisteminin bütün sahələrində şəffaflığın təmin olunması və vətəndaşlara müasir iş üsullarına əsaslanan xidmət şəraitinin qurulması məqsədilə mühüm islahat tədbirləri həyata keçirilir. Cəmiyyət tərəfindən də rəğbətlə qarşılanan bu islahat tədbirləri ünvanlı dövlət sosial yardımı sistemini də əhatə edir və Prezident cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli fərmanına əsasən, hazırda bu sistemin elektron əsaslar üzərində avtomatlaşdırılması, aztəminatlı ailələrin bu yardım sistemi üzrə çevik, rahat və şəffaf xidmətlərlə təmin olunması istiqamətində uğurlu işlər aparılır: "Qeyd olunan videosüjetdəki görüntü, eləcə də ayrı-ayrı dəqiqləşdirilməmiş məlumatların yayılması, bilərəkdən cəmiyyətdə dezinformativ təsəvvür yaratmağa hesablanan əsassız məlumat ölkəmizin ümumi inkişaf proseslərini gözü götürməyən və daim qarayaxma kampaniyası aparan qüvvələrin çirkin missiyasına qulluq edən bəzi media qurumlarının əmək və sosial müdafiəsi sistemində aparılan islahatlara da kölgə salmaq cəhdindən başqa bir şey deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti