...

Paytaxtın şərqindəki təhlükəli sürüşmə zonasından FOTOREPORTAJ

Cəmiyyət Materials 13 Oktyabr 2015 08:02 (UTC +04:00)
Torpaq sürüşmələri geoloji fəlakətlərin ən təhlükəli növlərindən biridir. 1911-ci ildə Pamir dağlarında baş verən zəlzələ böyük bir sürüşməyə səbəb oldu.
Paytaxtın şərqindəki təhlükəli sürüşmə zonasından FOTOREPORTAJ

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Azər Niftiyev/

Torpaq sürüşmələri geoloji fəlakətlərin ən təhlükəli növlərindən biridir. 1911-ci ildə Pamir dağlarında baş verən zəlzələ böyük bir sürüşməyə səbəb oldu. Nəticədə 2.5 milyard kubmetr torpaq sahəsi sürüşdü. Usoy qışlağı əhalisi ilə birlikdə torpaq kütləsinin altında qaldı. Sürüşmə kütlələrinin Murqab çayının qarşısını kəsməsi nəticəsində yaxınlıqda olan Saraz qışlağı yeni yaranmış gölün dərinliyində qaldı. Bu cür böyük təbii fəlakətlər tez-tez baş verməsə də, çox ağır nəticələrə səbəb olur.

Torpaq sürüşmələri dağ süxurları, torpaq kütlələrinin dağ yamacları, yarğanlar, çay, göl, dənizlərin sıldırım sahilləri boyu öz ağırlığının təsiri altında sürüşərək, yerini aşağıya doğru dəyişməsidir. Sürüşmə kütlələri müxtəlif süxurlardan təşkil olunub ki, onların arasında tarazlığın pozulması davamlığın zəifləməsinə səbəb olur. Sürüşmələrin yaranmasına təbii və süni (antropogen) amillər səbəb ola bilər. Təbii faktorlara yamaclarda sıldırımların böyüməsini, onların torpaqda olan əsasının su kütlələri ilə yuyulmasını, seysmik təkanları və s. süni və ya antropogen faktorlara isə yol çəkilməsi zamanı yamacların dağıdılması, meşələrin qırılması və s. aid etmək olar.

Beynəlxalq statistik məlumatlara görə, sürüşmələrə 80 faiz antropogen faktorlar səbəb olur. Sürüşmələr 10° və daha çox bucaq altında olan yamaclarda baş verir. Gilli süxurlara malik zonalarda isə həddindən çox nəmişlik hətta 5-7° bucaq altında sıldırım olduqda sürüşmələrə gətirib çıxara bilər.

Geoloji araşdırmalar göstərir ki, 400 ha və daha çox sürüşmələr nəhəng, 200-400 ha sürüşmələr çox böyük, 100-200 ha sürüşmələr orta, 5-50 ha sürüşmələr isə kiçik sürüşmələr sırasına aid edilir.

Regionlardan Şamaxı, Ağsu, İsmayıllı, Xızı, paytaxtdan isə Bayıl, Zığ, Masazır, Əhmədli, Günəşli sürüşməyə meyilli zonalara daxildir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı rəsmi açıqlama belə deməyə əsas verir.

Trend-in əməkdaşı paytaxtda aktiv sürüşmə zonalarından birinə - Könhə və Yeni Günəşli yaşayış massivlərinin kəsişməsində, S.Mehmandarov küçəsində yerləşən əraziyə baş çəkib, oradakı vəziyyətlə bağlı sakinləri danışdırıb, fotolar hazırlayıb.

Faktiki olaraq böyük bir uçurumu xatırladan zona hər iki tərəfdən hasara alınıb. Sakinlərin bu əraziyə daxil olmasını qadağan edən dəmir sədlər çəkilib. Ərazi vahiməli görünüşü ilə diqqət çəkir. Bir addım qabağa atsan, dağdan yıxıla və həyatını itirə bilərsən. Bu ərazidə maşın saxlamaq, park etmək də təhlükəlidir. Buna baxmayaraq, ərazinin yaxınlığında binalar, iaşə obyektləri yerləşir. Yuxarı tərəfdən ərazinin qurtaracağı müxtəlif kafelərə bitişikdir. Aşağı tərəfdən isə bitişik ərazilərdə tikinti-quraşdırma işləri aparılır.

Ərazidə yaşayan Zahid Səfərov deyir ki, illərdir burada vəziyyət belə davam edir: "Əvvəllər bir qədər irəlidə hərəkət mümkün idisə, indi artıq bu da mümkün deyil. Çünki sürüşmə zonası bir qədər dərinə irəliləyib. Düzdür, son zamanlar ciddi sürüşmə faktı qeydə alınmayıb. Ancaq demək olmaz ki, hər şey qaydasındadır".

Digər sakin Famil Zeynalov deyir ki, bu ərazi qarşıdakı ərazi ilə müqayisədə daha az sürüşməyə meyillidir: "Bir az qabaqda daha ciddi sürüşmə zonaları var. Amma orada bunu müəyyən etmək elə də asan deyil. Bu ərazi dərin sürüşmə zonası olmasa da, görüntü vahiməlidir".

Bünyad Məmmədov adlı sakin isə yaxınlıqda yaşadığından davamlı olaraq stress keçirdiklərini deyir: "Xüsusən ruhi tarazlığı yerində olmayan, müxtəlif xəstəliklərdən əziyyət çəkən sakinlər daha həyəcanlı olur. Bir qonşumuz vardı. Hər dəfə səs-küy gələndə, elə bilirdi ki, sürüşmə olub".

"Əvvəllər daha həyəcanlı idik, indi artıq öyrəşmişik", - deyən B.Məmmədov əlavə edir ki, məhz sürüşmə səbəbindən bu ərazidə evlərin qiyməti nisbətən ucuzdur: "Buranın çox gözəl havası və ekoloji şəraiti var. Amma süşürmə söhbəti camaatın canına vəlvələ salıb. Buna görə də burada evlərin qiyməti nisbətən ucuzdur. Mənzilini satışa çıxaran insanlar aylarla evlərini sata bilmirlər".

Ötən gün Trend-ə danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev bildirib ki, son vaxtlar paytaxtda sürüşmə zonaları aktivləşir. Nazirlik rəsmisinin sözlərinə görə, xüsusən son vaxtlar Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı ərazidə intensivləşən sürüşmə aktivliyi artır.

Ə.Piriyevin sözlərinə görə, hazırda həmin ərazidə sürüşmə, çökmə aktiv fazadadır: "Orada vəziyyət daha da pisləşib, çatlarda müəyyən qədər genişlənmə olub. Oturma daha da intensivləşib. İstinad divarı bir qədər də avtovağzal tərəfə irəliləyib".

Ə.Piriyev qeyd edib ki, ərazidə aktivləşmə yağış və suvarılma sularının təsirindən baş verıb: "İstinad divarının arxasında tökmə torpaqdır. Orda suvarılma və yağışların təsiri nəticəsində torpaqlarda doyma prosesi baş verib. Müəyyən qədər torpaq dayanıqlığını itirib və avtovağzal tərəfə hərəkət edib. Orda diametri böyük olan borularla intensiv olaraq selləmə suvarılma işləri aparılırdı. Yağışlar da bu sularla birləşəndə bu, bütün sahələrdə çökmə, oturma prosesini daha da artırıb, intensivləşib. Orada torpaq dayanıqlığını itirdiyindən müəyyən qədər avtovağzal tərəfə irəliləyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti