...

Vali: Təbrizlə Gəncənin qardaşlaşması iki qədim şəhərin potensial imkanlarını üzə çıxaracaq (FOTO)

Cəmiyyət Materials 22 Oktyabr 2015 10:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 21-də Gəncəyə gəlib.

Böyük mehribanlıqla qarşılanan qardaş ölkənin nümayəndələri əvvəlcə şəhərin Baş meydanında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.

Sonra Gəncə Şəhər İcra Hakimiyyətində görüş keçirilib. Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək qonaqlara Gəncənin sosial-iqtisadi inkişafı, onun maddi-mədəni abidələri, dahi mütəfəkkir Nizami Gəncəvinin vətənində görülən işlər barədə ətraflı məlumat verib.

İcra başçısı bildirib ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə mədəniyyət, elm mərkəzi olmaqla yanaşı, həmçinin sənaye şəhəridir. Burada mövcud sənaye müəssisələri ilə bərabər, yenilərinin də istismara verilməsi üçün xeyli iş görülüb. Yaxın zamanlarda Gəncənin sənaye xəritəsini zənginləşdirəcək və istismara veriləcək daha üç zavodda 6 mindən yuxarı işçi çalışacaqdır. E.Vəliyev iki qardaşlaşmış şəhərin nümayəndə heyətinin görüşlərinin bu münasibətlərin inkişafına, iqtisadi, elmi, mədəni əlaqələrin qurulmasına müsbət təsir göstərəcəyini vurğulayıb.

Sonra İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə qonaqpərvərliyə görə minnətdarlıq edib və Gəncəyə səfərlərindən məmnun qaldığını bildirib. Təbrizlə Gəncənin oxşar cəhətləri barədə fikirlərini açıqlayan qonaq deyib ki, Bakıda gördüyümüz inkişafı Gəncədə də müşahidə etməyimiz bizi çox sevindirib. Geniş və yaraşıqlı küçələr, müasir üslubda inşa edilmiş çoxmərtəbəli binalar, park və xiyabanlara valeh olmamaq mümkün deyil. Xüsusilə 360 hektar ərazisi olan Heydər Əliyev park-kompleksinin möhtəşəmliyi bizi heyrətləndirdi.

Görüşdə Təbrizlə Gəncənin qardaşlaşmasının əhəmiyyəti vurğulanaraq diqqətə çatdırılıb ki, bu qardaşlaşma tarixi köklərlə bir-birinə bağlı olan iki qədim şəhəri daha da yaxınlaşdırmaqla bərabər, həm də onların potensial imkanlarını üzə çıxaracaq. Xüsusilə iqtisadiyyat, mədəniyyət, səhiyyə, eləcə də elm sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Təbrizdə Gəncə günlərinin, Gəncədə isə Təbriz günlərinin keçirilməsi, həmçinin Təbriz məhsullarının nümayişi üçün Gəncədə Ekspo-sərgi salonunun açılması ətrafında fikir mübadiləsi aparılıb.

Axırda İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə məşhur Təbriz xalçaçılarının toxuduqları xalçanı hədiyyə edib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev isə qonaqlara xalça və dahi Azərbaycan şairi Nizami Gəncəvinin nəfis şəkildə çap edilmiş "Xəmsə"cini, eləcə də Məhsəti Gəncəvinin sözlərinə yazılmış musiqilərdən ibarət disqi təqdim edib.

Görüşdən sonra İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə və onun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri Gəncədəki Təbriz küçəsinə gedib və üzərində qədim Ərk qalasının əksi olan barelyefin açılışında iştirak ediblər. Məlumat üçün bildirək ki, Təbriz küçəsi Gəncəyə xas milli memarlıq nümunələrini özündə yaşadan ən yaraşıqlı küçələrdən biridir.

İranlı qonaqlar həmin gün Heydər Əliyev park-kompleksi, Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə-Kompleksini, Nizami məqbərəsini, Nizami Gəncəvi Muzeyini gəzib, "İmamzadə" dini-memarlıq kompleksini ziyarət edib, burada aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olublar.

Görüşdə İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayin və Azərbaycanın Təbrizdəki Baş konsulu Əli Əlizadə iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti