Bakı-Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyin həyata keçirdiyi "Yaşıl həyat" Təbiəti qoruyaq!" adlı layihə çərçivəsində bu gün gənclərin iştirakı ilə tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdən öncə layihə çərçivəsində sifariş olunan ətraf mühitin mühafizəsi ilə bağlı köynəklər gənclərə paylanılıb.
Bakı Ali Neft Məktəbinin tələbələri və Nizami rayonunun orta məktəblərinin gənclərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyin sədri Emil Hüseynli bildirib ki, Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi gənclər arasında ekoloji maarifləndirmə işini aparmaqdır: "Yaxşı bilirsiniz ki, insanlar təbiətə necə münasibət göstərərlərsə, təbiət də adekvat olaraq cavabını verir. Qlobal iqlim dəyişiklikləri fonunda nə qədər təbii fəlakətlər baş veirir ki, bunların da nəticəsində insanlar həyatlarını itirirlər. Ona görə də hər bir gənc ətraf mühitin qorunmasında üzərinə düşən vəzifələri həyata keçirməklə yanaşı, cəmiyyətdə baş verən ekoloji çirklənməyə qarşı mübarizə aparmalıdırlar".
E.Hüseynli bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar yerinə yetirilir: "Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən "Hərəmiz bir ağac əkək" layihəsi də bu sahəyə böyük töhfələr verib. Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə İDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlər Azərbaycanda ekoloji problemlərə verilən önəmin göstəricisidir".
Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təbliğat şöbəsinin nümayəndəsi Şövkət Bəkirovun sözlərinə görə, ətraf mühitin qorunması istiqamətində aparılan intensiv tədbirlərin nəticəsidir ki, Azərbaycan Ekoloji Fəaliyyətin Effektivliyi İndeksi üzrə reytinqdə 180 ölkə arasında 31-ci yerdədir: "Bu göstəricilərə görə, Azərbaycan Yaponiya, Belçika, Hollandiya, İsrail kimi dünyanın bir sıra qabaqcıl ölkələrindən öndədir. ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən 2016-ci ilin yanvar ayında Ekoloji Fəaliyyətin Effektivliyi İndeksi (Environmental Performance İndex) hazırlanıb. Sənəddə 180 ölkə arasında 2 sahə (insan sağlamlığının qorunması və ekosistemlərin mühafizəsi) və 9 istiqamət üzrə qiymətləndirmə aparılıb. Qiymətləndirmə nəticələrinə əsasən ABŞ-ın Yel və Kolumbiya Universitetləri mövcud ekoloji vəziyyətə görə Azərbaycanı dünya ölkələri arasında 100 ballıq qiymətləndirmə sistemi üzrə 83.78 balla 31-ci yerə qoyub".
Ş.Bəkirov bildirib ki, ümumilikdə bu günə kimi ekologiya sahəsində qiymətləndirmə aparan beynəlxalq reytinq agentlikləri və anonim müəlliflərin qiymətləndirmə nəticələri ilə müqayisədə, ABŞ-ın tanınmış Yel və Kolumbiya Universitetləri tərəfindən hazırlanmış bu Ekoloji İndeksdə Azərbaycanın sıralamada yüksək yer tutması, ölkədə ətraf mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin obyektiv qiymətləndirilməsinin aydın təzahürüdür.
Tədbir sonra gənclərin sualları ilə davam etdirilib.