Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda 2015-ci ildə erkən nikah hallarına görə 52 cinayət işi açılıb. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
Məcburi erkən nikahların baş verməsi halları ilə bağlı komitəyə Azərbaycanın regionlarından ərizələrin daxil olduğunu deyən E.Səfərov qeyd edib ki, son bir neçə il ərzində komitənin regional mərkəzləri tərəfindən 30-dan çox erkən nikah faktının qarşısı alınıb. Hər fakt üzrə zorakılığın qarşısının alınması üçün tədbirlər görülüb.
O, əlavə edib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tələbə qəbulunda gender məsələləri ilə bağlı apardığı araşdırmaların nəticələri də bəzi rayonlarda erkən nikahlarla bağlı vəziyyətin o qədər də uğurlu olmadığını göstərir: "Biz ölkənin gender xəritəsində cənub, cənub-qərb regionları və Bakının ətrafındakı ümumi təhsil müəssisələrinin 9-11-ci siniflərində qızların sayının azaldığını görürük. Bu sahədə ciddi addımların atılması üçün təşəbbüslər irəli sürmək lazımdır".
E.Səfərov qeyd edib ki, dünyanın 158 ölkəsində nikaha daxil olma yaşı 18-dir. Avropanın 40 ölkəsində isə qadın və kişilər üçün bərabər yaş senzi tətbiq edilərək 18 və daha çox yaş müəyyən edilib: "Məsələn, Fransa, Finlandiya və Braziliyada nikah yaşı 21 yaşa bərabərdir. Lakin bəzi ölkələrdə müəyyən istisnalar da nəzərdə tutulub. Məsələn, Xorvatiya, Serbiya və İspaniyada məhkəmənin icazəsi ilə, Gürcüstan, Sloveniya, Böyük Britaniyada isə valideynlərin icazəsi ilə 16 yaşda nikaha daxil olmaq olar. Nikah yaş senzinin enməsi üçün bəzi ölkələrdə valideynlərin, bəzilərində isə məhkəmənin razılığı tələb olunur. Demək olar ki, bütün müsəlman ölkələrində də nikah yaş senzi 18 yaş müəyyən edilib. Məsələn, Qazaxıstan, Qırğızıstan, Mərakeş və başqa müsəlman ölkələrində nikah üçün yaş senzi 18 ildir. Tunisdə isə kişilər və qadınlar 20 yaşda nikaha daxil ola bilərlər".
Komitə rəsmisi deyib ki, 2011-ci ildə Azərbaycanda qadın və kişilər üçün nikah yaşı bərabərləşdirilərək hər ikisi üçün 18 müəyyənləşdirilib. Üzrlü səbəblər olduğu halda nikah yaşı 1 il azaldıla bilər: "2009-cu ildə Komitə BMT-nin Uşaq Fondu ilə birgə erkən nikahlarla və Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi ilə bağlı problemlərə aid tədqiqat keçirdi. Bu tədqiqat çərçivəsində şəhərlərdə və ölkənin regionlarında erkən nikahlarla bağlı cari vəziyyət qiymətləndirildi. Tədqiqatın nəticələri zamanı ölkənin qanunvericiliyində bəzi boşluqlar aşkar edilmişdi və onların aradan qaldırılması üçün təkliflər də hazırlandı".
"Məcburi erkən nikah faktı ətraflı araşdırılmalıdır"
Cəmiyyətdə belə stereotip formalaşıb ki, erkən nikahlar doğumun artımına təsir edir. Lakin, bu, belə deyil. Dünyada erkən nikah 30%-dən çox halda ananın və ya uşağın ölümü, yaxud uşağın fiziki xəstəliklərlə doğulması ilə başa çatır.
BMT-nin məlumatına görə, inkişaf edən ölkələrdə 15-19 yaşlı qızların ölümünün əsas səbəbi hamiləliyin və doğuşun mürəkkəbləşməsidir. Hər il 16 milyon yeniyetmə qız uşaq dünyaya gətirir ki, onların da təxminən 90%-i artıq ərdə olmuş olur. YUNİSEF-in qiymətləndirmələrinə görə, həmin qızların təxminən 50 000-i ölür. Belə ölüm hadisələri, əsasən, gəlir səviyyəsi aşağı və orta olan ölkələrdə baş verir.
Erkən nikahlar qızların təhsilinin effektiv tamamlanmasına mane olur, onları peşəkar və həyat bacarıqlarının əldə edilməsi üçün hər hansı imkanlardan məhrum edir, erkən hamiləliyin baş verməsi riskini yaradır, qızların seksual zorakılığa məruz qalması riskini yüksəldir.
Erkən nikahlar yalnız nikaha daxil olan şəxslərin həyatına deyil, həm də gələcək nəsilə, onların fiziki sağlamlığına təsir göstərir.
E.Səfərovun sözlərinə görə, Azərbaycanda 15-17 yaşlı qadınlar tərəfindən 2008-ci ildə 3633 uşaq, 2009-cu ildə 3538, 2010-cu ildə 4103, 2011-ci ildə 4392, 2012-ci ildə 3236, 2013-cü ildə 2855, 2014-cü ildə isə 3296 uşaq doğulub: "Göründüyü kimi, erkən nikahlardan doğulan uşaqların sayı artmır, bu sahədə müsbət tendensiya var. Erkən nikahların sayının azadılması üçün dövlət tərəfindən edilən təşəbbüslər müsbət nəticələr verir. Lakin erkən nikahlardan doğulan uşaqların sayı azalsa da, məcburi erkən nikah faktı hər halda ətraflı araşdırılmalıdır".
"Dövlət idarələri tez-tez erkən nikah hadisələrini yalnız uşağın doğulması və onun qeydiyyatı zamanı aşkar edə bilir"
E.Səfərovun sözlərinə görə, Azərbaycanda erkən nikahlar və məişət zorakılığı üzrə məlumatların toplanılmasında obyektiv çətinliklər var: "Təəssüf ki, çox qurbanlar, həmçinin onların valideynləri bəzi səbəblərə görə bu faktları gizlədirlər. Məsələn, dövlət idarələri erkən nikahları yalnız uşağın doğulması və onun qeydiyyatı zamanı aşkar edə bilir. Bu problemlər yalnız ailənin, yaşayış yerinin problemi deyil və ya hansısa başqa səbəblərlə bağlı deyil. Əsas problem və səbəb cəmiyyətdə hələ də çox güclü olan stereotiplərdir".
O, qeyd edib ki, hazırda ölkədə məişət zorakılığının qarşısının alınması üzrə möhkəm qanunverici baza yaradılıb. Eyni zamanda, məişət zorakılığının və erkən nikahlara operativ reaksiya verməyə imkan verən regional monitorinq komissiyaları təsis edilib. Monitorinq komissiyaları məişət zorakılığı ilə mübarizə sahəsində regionlarda dövlət təşkilatlarının fəaliyyətini birləşdirməyə və erkən nikah faktlarının qarşısını almağa imkan verir.