...

TQDK sədri: Özəl ali məktəblər savadlı tələbələrə təhsil haqqında əhəmiyyətli güzəştlər etməlidir

Cəmiyyət Materials 30 Mart 2016 10:40 (UTC +04:00)
Özəl ali məktəblər həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsil haqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər.
TQDK sədri: Özəl ali məktəblər savadlı tələbələrə təhsil haqqında əhəmiyyətli güzəştlər etməlidir

Bakı. İlhamə İsabalayeva - Trend:

Özəl ali məktəblər həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsil haqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər. Bunu Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

Özəl ali təhsil müəssisələrinin, əsasən, humanitar və iqtisadiyyat ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirdiyini xatırladan komissiya sədri qeyd edib ki, abituriyentlər özəl ali təhsil müəssisələrinin ixtisaslarını ərizələrində axırıncı mövqelərdə göstərdiklərindən bu təhsil müəssisələrinin çoxunda müsabiqə vəziyyəti aşağı olur. Onlar ərizələrinin ilk mövqelərində, əsasən, dövlət ali təhsil müəssisələrinin ixtisaslarını kodlaşdırırlar.

M.Abbaszadə deyib ki, 2015-ci ildə sənəd verənlər arasında özəl ali təhsil müəssisələrinin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 4.36% olub: "2000-ci illərin birinci yarısında bu göstərici 0.67% olub. On ildən artıq vaxt keçməsinə baxmayaraq, bu sahədə irəliləyiş çox cüzidir. Bu baxımdan, hazırda da özəl ali təhsil müəssisələrinə qəbul olanlar, əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir ki, onların da böyük əksəriyyətinin biliyi kafidən yuxarı deyildir. 2010-cu ilə qədər yalnız ödənişli əsaslarla təhsil verdiyi üçün özəl ali təhsil müəssisələrinə, əsasən, bu cür abituriyentlərin qəbul olması həmin ali təhsil müəssisələrinin dövlət ali təhsil müəssisələri ilə rəqabət aparmaq imkanlarını məhdudlaşdırırdı. Bu gün isə özəl ali təhsil müəssisələri dövlət ali təhsil müəssisələri ilə dövlət sifarişi əsasında qəbul aparılan yerləri tutmaq üçün rəqabət aparmaq, ümumiyyətlə, daha bilikli gəncləri özlərinə cəlb etmək imkanına malikdirlər. Bunun üçün isə onlar həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsil haqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər. Təəssüf ki, bir çox özəl ali təhsil müəssisələri bu məsələdə o qədər də maraqlı deyillər".

M.Abbaszadə deyib ki, ümumiyyətlə, ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul olan gənclərin bilik səviyyələri bir-birindən ciddi fərqlənir. Komissiya sədri hesab edir ki, bu amil mütləq birinci kursların tədris planlarında nəzərə alınmalıdır.

TQDK sədrinin sözlərinə görə, özəl ali təhsil müəssisələri arasında yüksək hazırılıqlı abituriyentlər "Qafqaz" Universitetinə üstünlük verirlər. "Qafqaz" və Xəzər Universitetləri istisna olmaqla, digər özəl ali təhsil müəssisələrinə və regionlarda fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin orta bal göstəriciləri isə aşağıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti