...

ATU-nun alimləri Çaykənd Qızılbalıqartırma Zavodunda istehsalatı gücləndirmək üçün elmi-tədqiqat işləri aparacaq

Cəmiyyət Materials 15 Aprel 2016 10:03 (UTC +04:00)
Azərbaycan Texnologiya Universiteti ilə (ATU) Çaykənd Qızılbalıqartırma Zavodu arasında əməkdaşlıq memorandumu və elmi-tədqiqat işinin yerinə yetirilməsinə dair müqavilə imzalanıb.
ATU-nun alimləri Çaykənd Qızılbalıqartırma Zavodunda istehsalatı gücləndirmək üçün elmi-tədqiqat işləri aparacaq

Bakı. Trend:

Azərbaycan Texnologiya Universiteti ilə (ATU) Çaykənd Qızılbalıqartırma Zavodu arasında əməkdaşlıq memorandumu və elmi-tədqiqat işinin yerinə yetirilməsinə dair müqavilə imzalanıb. Universitetin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müqavilə zavodda qızılbalığın yetişdirilməsində istifadə olunan suyun və yemin keyfiyyət göstəricilərinin tədqiqinə dair elmi işin icrasını nəzərdə tutur.

Bununla bağlı ATU-da keçirilən görüşdə rektor professor Akif Süleymanov qeyd edib ki, Təhsil Nazirliyinin pilot layihəsi olaraq ATU-da tətbiqinə başlanan Müştəriyə Yönəlmə Proqramının əsas istiqamətlərindən biri məhz universitetin profilinə uyğun sahələrdə fəaliyyət göstərən sənaye müəssisələri ilə əməkdaşlıq etmək, onları kadr hazırlığı prosesində iştiraka cəlb etməklə müəssisələrin tələblərinə uyğun məzunlar hazırlamaqdır. Rektor bildirib ki, ATU artıq bir neçə bu cür sənaye müəssisəsi ilə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq edir və onların sırasına Çaykənd Qızılbalıqartırma Zavodunun da əlavə olunması hər iki tərəf üçün səmərəli ola bilər. Belə ki, Çaykənd Qızılbalıqartırma Zavodunda istehsalın keyfiyyətinin artırılmasını nəzərdə tutan elmi-tədqiqat işinin ATU-nun ekologiya və qida mühəndisliyi üzrə ixtisaslaşmış alimləri tərəfindən icrası bu müəssisənin inkişafına təkan verə bilər. ATU-nun müvafiq ixtisas kafedralarının zavodda filiallarının yaradılması isə tələbələrin istehsalata yaxın olması və təcrübəyə daha çox vaxt ayırmasına imkan yaradacaq. Bu isə onların bir mütəxəssis kimi daha yaxşı yetişməsinə və gələcək karyerasına müsbət təsir göstərəcək.

Çaykənd Qızılbalıqartırma Zavodunun direktoru İlham Məmmədov da bu əməkdaşlığın rəhbərlik etdiyi istehsalat müəssisəsi üçün faydalı olduğunu bildirib. O, qeyd edib ki, hazırda zavodun üzləşdiyi ən ciddi problemlərdən biri ortaya çıxan problemlərin elmi həllini tapmaqdır. Buna görə də ATU ilə əməkdaşlıq, buradakı elmi potensialdan istifadə istehsalatda keyfiyyət və məhsuldarlığı artırmağa zəmin yaradacaq. Bu əməkdaşlıq həm də zavod üçün gələcək mütəxəssislərin hazırlanmasını mümkün edəcək.

Sonra əməkdaşlığın rəsmiləşdirilməsi məqsədilə ATU ilə Çaykənd Qızılbalıqartırma Zavodu arasında əməkdaşılq memorandumu və elmi-texniki tədqiqat işinin icrasına dair müqavilə imzalanıb. Hər iki sənəd iki universitetlə zavod arasında hərtərəfli və uzunmüddətli əməkdaşlığı nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti