Bakı. Trend:
Moskvada Beynəlxalq Mühəndislik Akademiyasının 2011-2015-ci illərdə fəaliyyətinin yekunlarına dair ümumi yığıncaq keçirilib.
Beynəlxalq Mühəndislik Akademiyasının prezidenti akademik Boris Qusev 12 ölkədən Akademiyanın üzvü olan 623 nəfərin iştirak etdiyi yığıncaqda məruzə ilə çıxış edib.
Yığıncaq ərəfəsində "Инженерная газета" Azərbaycan Mühəndislik Akademiyasının prezidenti akademik Arif Paşayevin "Ориентируясь на запросы практики" adlı geniş məqaləsini dərc edib. Qəzetin həmin nömrəsi yığıncaq iştirakçılarına paylanılıb. Akademik A.Paşayevin məqaləsi tədbirin iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Ümumi yığıncağın işinə sədrlik tədbir iştirakçılarının yekdil qərarı ilə Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti akademik Əhəd Canəhmədova həvalə olunub. O, Azərbaycan Mühəndislik Akademiyasının 2011-2015-сi illərdə fəaliyyətinin yekunlarına dair ətraflı məlumat verib.
Sonra Beynəlxalq Mühəndislik Akademiyasının prezidentinin, vitse-prezidentinin, yeni həqiqi və müxbir üzvlərinin seçkisi olub.
Akademik Boris Qusev yenidən Beynəlxalq Mühəndislik Akademiyasının prezidenti seçilib. Yığıncaq iştirakçıları vitse-prezident vəzifəsinə akademik Arif Paşayevin yenidən namizədliyini yekdilliklə dəstəkləyiblər. Beynəlxalq Mühəndislik Akademiyasına Azərbaycandan üç həqiqi və bir müxbir üzv seçilib.