...

Azərbaycan dilinin tələblərini pozanları cəzalandırmaq təklif edilir

Cəmiyyət Materials 25 May 2016 16:16 (UTC +04:00)
Azərbaycan ədəbi dilinin tələblərini pozanlara qarşı inzibati qaydada cəza tədbirlərinin görülməsi məqsədəuyğun olardı.
Azərbaycan dilinin tələblərini pozanları cəzalandırmaq təklif edilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan ədəbi dilinin tələblərini pozanlara qarşı inzibati qaydada cəza tədbirlərinin görülməsi məqsədəuyğun olardı. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında çıxış edən AMEA Dilçilik İnstitutunun direktor əvəzi Möhsün Nağısoylu deyib.

M.Nağısoylu bildirib ki, institut tərəfindən ədəbi dil normalarının qorunub saxlanılması üçün bir sıra tədbirlər görülüb.

Onun sözlərinə görə, Azərbaycan dilinin etimoloji lüğətinin hazırlanması istiqamətində elmi tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

M.Nağısoylu deyib ki, bir sıra türkdilli xalqlarda belə lüğət olsa da, Azərbaycan dilinin etimoloji lüğəti yoxdur: "Etimoloji lüğətin hazırlanması dilin tarixinin, onun əski dil əlaqələrinin öyrənilməsi üçün lazımdır. Bu mənada dilin etimoloji lüğətinin hazırlanması strateji baxımdan da əhəmiyyətlidir".

O bildirib ki, 2020-ci ilədək Azərbaycan dilinin yeni izahlı lüğətinin hazırlanması nəzərdə tutulur. Bununla yanaşı, Azərbaycan dilinin təkmilləşdirilmiş orfoqrafiya lüğətinin, yeni, təkmilləşdirilmiş elmi qrammatikasının hazırlanması qarşıya qoyulan məqsədlərdəndir.

Azərbaycan dilinin elmi qrammatikasının sonuncu dəfə 1981-ci ildə hazırlandığını deyən M.Nağısoylu türk dilləri üzrə ortaq qrammatikanın da hazırlanmasını vacib sayıb.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi qorunub saxlanılması üçün bir çox işlər gördüyünü deyən M.Nağısoylu hər il 2 avqust tarixinin ölkədə "Ana Dili Günü" kimi qeyd edildiyini söyləyib.

Onun sözlərinə görə, institutda 4 yeni şöbənin yaradılması dilçiliyin inkişafına xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti