...

Yavər Camalov: Qısa müddətdə bir sıra milli zirehli maşınlar ordumuzun ixtiyarına veriləcək

Cəmiyyət Materials 11 İyul 2016 22:56 (UTC +04:00)
Qısa müddət ərzində bir sıra milli zirehli maşınlar Azərbaycan Silahlı Qüvvələrinin ixtiyarına veriləcək.
Yavər Camalov: Qısa müddətdə bir sıra milli zirehli maşınlar ordumuzun ixtiyarına veriləcək

Bakı. Trend:

Qısa müddət ərzində bir sıra milli zirehli maşınlar Azərbaycan Silahlı Qüvvələrinin ixtiyarına veriləcək.

Trend-in məlumatına görə, bunu müdafiə s­ənayesi naziri Yavər Camalov iyulun 10-d­a Azərbaycan Prezidenti İlham Əliyevin s­ədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı­ ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran­ vəzifələrə həsr olunan iclasında deyib.

Nazir qeyd edib: "Cənab Prezident, cari ilin birinci yarısında Müdafiə Sənayesi Nazirliyinin qarşısına qoyulan vəzifələr uğurla icra edilmişdir. Belə ki, 2016-cı ildə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən verilmiş sifarişə uyğun olaraq, 192,2 milyon manat məbləğində müdafiə təyinatlı məmulatların istehsalı, təmiri və utilizasiyası nəzərdə tutulmuşdur. Artıq bu istiqamətdə intensiv işlər görülür və məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilir. 2016-cı ilin Müdafiə Sifarişində yaradılma bölməsində 115 mövzu üzrə 198 mərhələnin yerinə yetirilməsi nəzərdə tutulmuşdur".

Y.Camalov bildirib ki, hesabat dövründə xüsusi təyinatlı hücum pulemyotunun, avtomatik qumbaraatan kompleksinin, “İstiqlal-1T” snayper tüfənginin, soyuq atış kollimatorunun, avtomatik topun, artilleriya və tank topları üçün atəş yığımlarının, tank əleyhinə qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının və s. məmulatların müvafiq sınaqlarına başlanılmış və həmin məmulatların istehsalının mənimsənilməsi istiqamətində işlər davam etdirilir:

"Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elmi müəssisələrinin potensialından istifadə etməklə bir sıra elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla həyata keçirilir. Cari ilin birinci yarısında nazirliyin Elmi-Tədqiqat İnstitutunda 15 mövzu, o cümlədən dövlət sifarişi ilə 14 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilmişdir. Əsas mövzular sırasında müxtəlif növ təlim və döyüş aviasiya bombalarının, xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi sisteminin, həmçinin orta və uzaq mənzilli raket sistemlərinin yaradılması və s. vardır. Eləcə də, Milli Aerokosmik Agentliyi tərəfindən (MAKA) 2016-cı ildə Silahlı Qüvvələrin sifarışləri əsasında müxtəlif sahələri əhatə edən 33 mövzu üzrə elmi-tədqiqat işləri aparılır".

Nazir əlavə edib ki, ilk növbədə əsas diqqət müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yaradılan “Tufan” Milli zirehli nəqliyyat vasitəsinin – 12,7 mm-lik məsafədən idarə olunan döyüş modulu, tank əleyhinə idarə olunan raket kompleksi, radioelektron mübarizə və kəşfiyyat avadanlığı və s. sistemlərlə təchiz edilmiş bir neçə variantının hazırlanması nəzərdə tutulur. Milli zirehli maşının təcrübi nümunəsinin ilin sonunadək hazırlanması planlaşdırılır:

"Eyni zamanda, xarici dövlətlərlə danışıqların nəticəsi olaraq yeni “İldırım” və “Qasırğa” zirehli maşınlarının ilkin nümunələri hazırlanıb Bakıda keçiriləcək ADEX-2016 sərgisində nümayiş etdiriləcək və 2017-ci ildən artıq seriya ilə istehsalına başlanılacaqdır. Daha bir yeni layihə BRDM-2M zirehli transportyorun üzərində orta mənzilli “Mizrak” tipli tank əleyhinə idarə olunan raket sisteminin quraşdırılmasıdır. Bu döyüş maşını da qısa müddət ərzində Silahlı Qüvvələrimizin ixtiyarına veriləcəkdir".

Onun sözlərinə görə, Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası, Milli Aviasiya Akademiyası və respublikanın digər elm ocaqları ilə sıx əməkdaşlıq edir: "Belə ki, cənab Prezident, ötən ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncağında çıxışınız zamanı söylədiyiniz dəyərli tövsiyələrin icrası olaraq Milli Elmlər Akademiyası və Milli Aviasiya Akademiyası ilə bir sıra tədqiqat işlərinin aparılması barədə razılıq əldə olunmuş və bu işlərin yerinə yetirilməsinə başlanılmışdır".

Y.Camalov qeyd edib ki, hesabat dövründə ümumi məhsul istehsalının həcmi üzrə proqnoz tapşırığına 101,7 faiz əməl olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz artım əldə edilmişdir:

"Tabeli müəssisələrdə müdafiə təyinatlı məmulatlarla yanaşı, mülki məhsulların yeni növlərinin mənimsənilməsi və istehsalı istiqamətində də məqsədyönlü işlər aparılır. Hesabat dövründə mülki məhsulların istehsalı üzrə proqnoza 108,8 faiz əməl olunmuşdur. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə mülki məhsulların həcmi 6,4 faiz artmışdır. Regionlarda suya olan tələbatı ödəmək məqsədi ilə “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar cəmiyyətlərinin sifarişləri əsasında artezian quyuları üçün “Dalma” tipli dərinlik su nasoslarının sınaq nümunələri hazırlanmış və onların seriya ilə istehsalı üçün sahə yaradılmışdır.

Cənab Prezident, ölkə sənayesinin dayanıqlı inkişafının təmin edilməsinin əsas istiqamətlərindən olan ixrac potensialının genişləndirilməsi və idxalın yerli istehsalla əvəzlənməsi üzrə nazirlikdə məqsədyönlü işlərə start verilmişdir. Qeyd etmək istərdim ki, artıq nazirliyin müəssisələri beynəlxalq bazarlara çıxaraq müxtəlif tenderlərin qalibi elan olunmuşlar. Bu da, öz növbəsində istehsal olunan məmulatların keyfiyyətini və beynəlxalq standartlara uyğunluğunu təsdiq edir. Nəticədə müxtəlif növ müdafiə təyinatlı məmulatların ixracı üzrə müqavilələr bağlanmış və icrasına başlanmışdır".

Nazir deyib ki, ixrac edilən məmulatlar sırasında bütün növ döyüş sursatlarını, müasir atıcı silahları, snayper tüfəngləri, pilotsuz uçuş aparatlarını və s. göstərmək olar. Nazirlik Amerikanın, Avropanın, Asiyanın və Afrikanın bir sıra dövlətləri ilə sıx əməkdaşlıq edir: "Bu gün bağlanılan müqavilələrin dəyəri 106 milyon ABŞ dolları təşkil edir və eləcə də, bu istiqamətdə digər dövlətlərlə intensiv danışıqlar aparılır. Növbəti illərdə də ixrac imkanlarımızı genişləndirmək məqsədilə yeni bazarlar tapılması istiqamətində tədbirlər görüləcəkdir. Cənab Prezident, ixrac sahəsində qazanılmış uğurlar Sizin göstərişinizlə mütəmadi olaraq beynəlxalq müdafiə sənayesi sərgilərində iştirakımızla bağlıdır. Cari il aprelin 18-21-də Malayziyada keçirilən dünyanın 5 ən böyük müdafiə sərgisindən biri olan 15-ci “DSA-2016” sərgisində 220 adda məhsulun təqdimatı keçirilmişdir. Qeyd olunan sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində hazırlanan bir sıra yeni məhsullar ilk dəfə olaraq ziyarətçilərə təqdim edilmişdir".

O bildirib ki, bu işlərin davamı olaraq cari ilin sentyabrın 27-30-da Bakıda “ADEX-2016” II Beynəlxalq müdafiə sərgisi təşkil ediləcəkdir: "Bu sərgi müdafiə sənayesi sahəsində qazanılan uğurları, ölkəmizin hərbi sahədə əlaqələrini və regionun lider dövləti olduğunu nümayiş etdirmək baxımından çox əhəmiyyətlidir. Bugünkü məlumatlara əsaslanaraq 38 ölkədən 200-dən çox şirkətdən artıq sifarişlər qəbul edilmişdir. Bu da “ADEX-2014” sərgisi ilə müqayisədə qarşıdakı sərgiyə daha çox ölkədən şirkətlərin maraq göstərdiyini deməyə əsas verir.

Möhtərəm cənab Prezident, onu da bildirmək istərdim ki, Sizin tapşırığınızla qısa müddət ərzində yaradılmış “Zərbə” pilotsuz uçuş aparatının sınaqları uğurla keçirilmiş və yaxın vaxtlarda Milli Ordunun sərəncamına göndəriləcəkdir. Bu aparat düşmənin dayaq məntəqələrini nəzarətdə saxlamaqla yanaşı, onları istənilən an məhv etmək iqtidarındadır. Əminliklə qeyd etmək istəyirəm ki, ölkəmizdə istehsal olunan silah və sursatlara əlavə edilən bu döyüş silahı da işğalçı Ermənistan ordusunun ölüm kabusuna çevriləcək və torpaqlarımızın azad edilməsində mühüm rol oynayacaqdır.

Cənab Prezident, Müdafiə Sənayesi Nazirliyi həmişə olduğu kimi, bundan sonra da ordumuzu istənilən sayda silah, sursat və digər müdafiə təyinatlı məmulatlarla təmin etməyə tam hazırdır. Diqqətinizə görə təşəkkür edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti