...

Bilik Fondu intellektual yarış keçirib (FOTO)

Cəmiyyət Materials 6 Dekabr 2016 15:28 (UTC +04:00)
Bu gün Bilik Fondu könüllülərin fəaliyyətinə dəstək məqsədilə Beynəlxalq Könüllülər Gününə həsr olunmuş intellektual yarış keçirib.
Bilik Fondu  intellektual yarış keçirib (FOTO)

Bakı. Trend:

Bu gün Bilik Fondu könüllülərin fəaliyyətinə dəstək məqsədilə Beynəlxalq Könüllülər Gününə həsr olunmuş intellektual yarış keçirib.

Fondun informasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, yarış Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasında olub.

“Bilikdən birlik doğar” adlı intellektual yarışda Azərbaycan Bilik Fondu, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatı, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin könüllülərindən ibarət komandalar iştirak edib.

Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev hər birində 6 nəfər olmaq şərti ilə yarışa qatılan 6 komandanın iştirakçılarına uğurlar arzulayaraq, könüllülük prinsipinin dəyərə çevrildiyini diqqətə çatdırıb. Aparat rəhbəri könüllülərin təmsil etdikləri rəsmi qurumlarla Bilik Fondunun əməkdaşlığını xatırladaraq, bu əməkdaşlığa gənclərin dəstək verməsinin təqdirəlayiq hal olduğunu bildirib.

Sonra yarışa start verilib. İki turdan ibarət müsabiqənin təşkilatçıları suallar paketinə tarix, mədəniyyət, ədəbiyyat, müasir texnologiyalara dair suallarla yanaşı, 2016-cı ilin Multikulturalizm ili olduğunu nəzərə alaraq, müvafiq mövzuda suallar da salıblar. 30 sual ətrafında gərgin keçən yarışmada cəmi bir komanda qalib elan edilib.

Qaliblərin mükafatlandırılma mərasimi AMEA-nın Mərkəzi Kitabxanasında keçirilib.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti 6 komanda arasında birinci olub. Qaliblər kubok, diplom, digər 5 yerin sahibləri isə təşəkkürnamələrlə təltif olunublar. Bununla yanaşı, bütün iştirakçılara Bilik Fondunun hədiyyələri verilib.

1985-ci ildən etibarən hər il 5 dekabr BMT-nin Baş Məclisi tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti