Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi nazirliyin regionda fəaliyyət göstərən digər qurumları ilə birgə yanvarın 17-də Avropa Azərbaycan Məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Bakı şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Dövlər Sularda Xilasetmə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, FHN Tibb Xidmətinin və Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları, Məktəbin müəllim və şagirdləri iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd Məktəb şagird və müəllim kollektivinə təbii və texnogen mənşəli hadisələrin yaranma səbəbləri, onlardan qorunma yolları haqqında biliklərin aşılanması olub.
Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olub. Birinci hissədə “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqın zamanı nə etməli?”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı”, “Civə dağılmaları zamanı davranış qaydaları” və “112” qaynar xətti” mövzularında çıxışlar edilib, mövzulara aid videoçarxlar nümayiş etdirilib. Daha sonra Məktəbin bir qrup şagirdinin iştirak ilə fövqəladə hallarla bağlı səhnəcik nümayiş etdirilib. Sonda FHN əməkdaşları şagirdlərin suallarını cavablandırmış və onlara təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylayıblar.
Tədbirin praktiki hissəsində Məktəbin idman zalında axtarış-xilasetmə üzrə nümunəvi təqdimatlar, fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, onların təyinatı və iş prinsipləri, fövqəladə hallar zamanı ilkin tibbi yardım göstərilməsi haqqında məktəblilərə geniş məlumat verilib.