...

Baş katib: Azərbaycan Gimnastika Federasiyası bundan sonra da gimnastikanın bütün növlərinin inkişafına diqqət ayırmaqda davam edəcək

Cəmiyyət Materials 8 Fevral 2017 18:53 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyası bundan sonra da gimnastikanın bütün növlərinin inkişafına diqqət ayırmaqda davam edəcək
Baş katib: Azərbaycan Gimnastika Federasiyası bundan sonra da gimnastikanın bütün növlərinin inkişafına diqqət ayırmaqda davam edəcək

Bakı. Ənvər Məmmədov, Maksim Tsurkov - Trend:

Azərbaycan Gimnastika Federasiyası bundan sonra da gimnastikanın bütün növlərinin inkişafına diqqət ayırmaqda davam edəcək.

Bu sözləri Trend-ə Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov deyib.

O deyib: “Bəli, etiraf etmək lazımdır ki, son illər ərzində Azərbaycanda ən inkişaf etmiş növ bədii gimnastika olub, amma bu gün biz gimnastikanın altı növünün də inkişafına diqqət ayırmağa çalışırıq. Bunlardan dördü olimpiya idman növüdür və Bakıda bu növlər üzrə Dünya kubokları keçirilir. Biz yeganə federasiyayıq ki, bütün olimpiya gimnastika növləri üzrə dünya kubokları keçirmək şərəfinə layiq görülmüşük. İdman gimnastikasına gəldikdə isə, bu növdə biz sürətlə inkişaf edirik. Buna nümunə kimi Avropa oyunlarını göstərmək olar. Orada bizim liderimiz Oleq Stepko beş medal əldə etmişdi. Bundan başqa onu da qeyd etmək istəyirəm ki, 2016-cı ildə bizim gənclərdən ibarət milli komandamız ilk dəfə Avropa Çempionatında iştirak edib. Qaydalara görə, gənclər iki ildən bir Avropa birinciliklərində çıxış edə bilər, yəni onlar Avropa çempionu adı uğrunda gələn il və bir də iki il sonra doğma divarlar arasında mübarizə apara bilərlər. Əminəm ki, onlar layiqli nəticə göstərəcək”.

Ölkəmizdə keçiriləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatı barəsində danışan F.Qayıbov qeyd edib ki, bu turnir çox əhəmiyyətli olacaq. “Bildiyiniz kimi, bugünədək Bakıda Avropa çempionatları yalnız bədii gimnastika üzrə keçirilib. Bu turnirlər Bakıda 2007, 2009 və 2014-cü illərdə baş tutub. Bundan başqa biz 2018-ci ildə Bakıda batut gimnastikası üzrə Avropa Çempionatının keçirilməsini razılaşdırmışıq. Avropa Gimnastika İttifaqının icraiyyə komitəsinin son iclasında isə 2020-ci ildə kişi idman gimnastikası üzrə Avropa Çempionatının Bakıda keçirilməsi qərara alınıb. Qeyd etmək istəyirəm ki, bu turnir Tokio olimpiadasına lisenziya xarakteri daşıyacaq, bu isə yarışın əhəmiyyətini daha da artırır”.

Qeyd edək ki, 2020-ci il mayın 6-10-da Bakıda kişi idman gimnastikası üzrə XXXIV Avropa çempionatı keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti