...

BƏT-lə əməkdaşlıqda Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 20 Fevral 2017 10:00 (UTC +04:00)
BƏT-lə əməkdaşlıq müstəvisində Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması sahəsində görüləcək işlər müzakirə olunub.
BƏT-lə əməkdaşlıqda Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması müzakirə olunub  (FOTO)

Bakı. Trend:

Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertinin iştirakı ilə sosial tərəfdaşların nümayəndələrindən ibarət üçtərəfli İşçi Qrupun iclası keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində BƏT-in Moskva ofisinin eksperti Roman Litvyakovla görüş olub.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xidmətin rəisi Fuad Əlizadə Azərbaycanda mütərəqqi beynəlxalq normalar əsasında əmək qanunvericiliyinin formalaşdırıldığını qeyd edib, əmək siyasəti və işçi hüquqlarının müdafiəsi sahəsində BƏT-lə fəal əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb. F.Əlizadə ötən dövrdə ölkəmizin BƏT-in əmək və məşğulluq sahəsində əsas insan hüquqlarını əhatə edən 8 təməledici, 4 prioritet Konvensiyasına, ümumilikdə 57 Konvensiyasına qoşulduğunu qeyd edib. O bildirib ki, eyni zamanda BƏT-lə əməkdaşlıq çərçivəsində növbəti proqram kimi ötən ilin sentyabr ayında “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalanıb.

Xidmət rəisi Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması sahəsində aparılan işləri qeyd edib: “Son illərdə Xidmətin fəaliyyətində müasir texnologiyaların uğurlu tətbiqinə nail olunub. 2014-cü ilin iyul ayından işə salınan əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi əmək bazarına, əmək hüquqlarına təminatına dövlət nəzarəti sahəsində müasir, çevik və şəffaf idaretmə mexanizmini formalaşdırıb. Bizim bu sahədə təcrübəmizin öyrənilməsinə ayrı-ayrı ölkələr tərəfindən də böyük maraq göstərilir. Sistem əsasında tətbiq olunan elektron xidmətlərdən istifadə göstəriciləri də daim artır. Təkcə 2016-cı ildə “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə 1 milyon 971 min 872 dəfə müraciət edilib”.

F.Əlizadə Xidmətin potensialının artırılması işlərində BƏT-lə əməkdaşlığın önəmini vurğulayıb: “Ötən dövrdə bu istiqamətdə uğurlu layihələr icra edilib. Həmçinin keçən ilin dekabr ayında BƏT ekspertlərinin iştirakı ilə sosial tərəfdaşların nümayəndələrindən ibarət üçtərəfli İşçi Qrupu üçün “Əmək müfəttişliyinin potensialının artırılması, üçtərəfli İşçi Qrupu tərəfindən mövcud leqal və institisional çərçivədə situasiyanın təhlil olunması” mövzusunda treninq keçirilib. Bu tədbir də əmək müfəttişliyinin potensialının gücləndirilməsində əhəmiyyətli olub”.

R.Litvyakov əmək müfəttişlərinin bilik və peşəkarlıq səviyyələrinin artırılması üçün ötən dövrdə birgə icra olunan layihələrin müsbət nəticələrini qeyd edib. O vurğulayıb ki, belə layihələrin qarşıdakı dövrdə də davam etdirilməsi məqsədəuyğundur.

Görüşdən sonra R.Litvyakovun iştirakı ilə sosial tərəfdaşların nümayəndələrindən ibarət üçtərəfli İşçi Qrupunun iclası keçirilib. İclasda Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyəti, hüquq və vəzifələri, habelə onun potensialının təkmilləşdirilməsi yönündə görülən işlər barədə BƏT-ə təqdim olunmaq üçün hazırlanan hesabat müzakirə olunub. Tədbirdə qurumun fəaliyyəti ilə bağlı gələcək hədəflərin müəyyən edilməsi məsələləri də nəzərdən keçirilib, bununla əlaqədar iş planının hazırlanmasına dair yekdil fikir ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti