...

Deputat: Xocalı soyqırımının günahkarları cəzalandırılmasa, sülh danışıqları uğur gətirə bilməz

Cəmiyyət Materials 26 Fevral 2017 19:26 (UTC +04:00)
Xocalı soyqırımının günahkarları cəzalandırılmasa, sülh danışıqları uğur gətirə bilməz.
Deputat: Xocalı soyqırımının günahkarları cəzalandırılmasa, sülh danışıqları uğur gətirə bilməz

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənilər tərəfindən Azərbaycan xalqına törədilmiş Xocalı soyqırımı insanlıq əleyhinə törədilən ən böyük və ən dəhşətli cinayətlərdən biridir. Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçə gecə azğınlaşmış erməni vandalları keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə silahsız və köməksiz insanlara, o cümlədən uşaqlara, qadınlara, qocalara qarşı görünməmiş vəhşiliklər törətdilər:

"Bu qırğında Xocalının 613 nəfər sakini, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 487 nəfər ömürlük şikəst qalı, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirdi. Xocalının dinc əhalisinin 155 nəfərinin taleyi haqqında isə indiyədək məlumat yoxdur. Təəssüf ki, Xocalı soyqırımına hələ də beynəlxalq birlik tərəfindən hüquqi və siyasi qiymət verilməyib”.

Deputat qeyd edib ki, ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tərəfindən bu hadisələrə siyasi və hüquqi qiymət verildi, həqiqətlər bütün dünyaya çatdırıldı:

“Bu gün Prezident İlham Əliyev bu siyasəti davam etdirir və bütün həqiqətlər dünya ictimiayyətinə çatdırılır. Həmçinin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bütün dünyaya bu həqiqətləri çatdırır, hətta bir çox ölkələrin paramentləri bu təbliğat nəticəsində Xocalı soyqırımını tanıyıb”.

B.Əliyev deyib: "Cox təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Xocalı soyqırımını törətmiş və bundan qürur duyduğunu gizlətməyən Serj Sarkisyanla Azərbaycanı bir masa arxasında oturub danışıqlar aparmağa dəvət edir:

“Azərbaycan sülh naminə buna da gedir. Amma necə olur ki, başqa ölkələrdə belə soyqırım törədənləri beynəlxalq tribunala verirlər, Azərbaycanda soyqırım törədənlərə isə hər yerdə qapıları açırlar və onların bütün əməllərinə dözürlər. Deməli, bu münaqişənin həll olunmasını istəmirlər. İşğalçıya yeri göstərilməyəndə, cinayətkarları cəzalandırmayanda heç bir sülh danışığı uğur gətirə bilməz. Ona görə də cinayətkarlara cəza verilməlidir, işğalçı Ermənistana sanksiyalar tətbiq edilməlidir. Onda asanlıqla sülh əldə olunar, Azərbaycanın ərazi bütövlüyü də bərpa olunar”.

Deputatın sözlərinə görə, bu gün böyük dövlətlər Dağlıq Qarabağ münaqişəsindən istifadə edirlər:

"Bu münaqişə ocağını saxlayırlar ki, bir-birilərinə təzyiq etsinlər və bunun da qurbanları bizim insanlarımızdır. Çox təəssüflər olsun ki, bu, artıq açıq-aydın özünü göstərir. Bu gün Xocalı soyqırımına belə münasibətin göstərilməsi Suriyada, İraqda insanların qırılması, sabah isə başqa ölkələrdə qırğınlar deməkdir. Nə qədər gec deyil, beynəlxalq aləm, böyük dövlətlər, o cümlədən Minsk qrupunun həmsədr ölkələri Xocalı soyqırımına ədalətli münasibət göstərməlidirlər. Bu soyqırıma siyasi qiymət verilməli, cinayətkar cəzalanmalı və erməni işğalçı qüvvələri Azərbaycan ərazilərindən çıxarılmalıdır. Onda dünyada sülh haqqında danışmaq və gələcəkdə bəşəriyyətə qarşı belə ağır cinayətlər törədilməsinin qarşısını almaq olar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti