Bakı. Trend:
10-dan çox ölkənin müvafiq qurumlarına Azərbaycan istehsallı hərbi məhsullar ixrac edilir. Trend-in məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.
Y.Camalov bildirib ki, aprel döyüşləri zamanı yerli istehsal olan bir sıra müdafiə təyinatlı məmulatlardan geniş istifadə olunub: "Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının dəqiq müəyyənləşdirilib məhv edilməsində Azərbaycan istehsalı olan yeni növ hərbi təyinatlı məhsullar mühüm rol oynayıb. Bu istiqamətdə məqsədyönlü işlər davam etdirilir. Belə ki, Sizin tapşırığınızla Milli Ordumuzu daha müasir silahlar və texnikalarla təmin etmək məqsədilə qısa müddət ərzində yaradılmış yeni nəsil “Zərbə KM” (təsir gücü artırılmış qəlpəli-fuqaslı) pilotsuz uçuş aparatının sınaqları uğurla başa çatdırılıb və ötən ilin sentyabr ayında təqdimatı keçirilib. Adıçəkilən məmulatın seriyalı istehsalı üzrə müqavilələr bağlanıb və istehsal edilərək sifarışçilərə təhvil verilib.
Cənab Prezident, Sizin digər tapşırığınıza əsasən hazırda düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometr məsafədə tam müəyyən edən və məhv etmək iqtidarında olan “Zərbə KH” (kumulyativ başlıqlı) pilotsuz uçuş aparatının yaradılması istiqamətində intensiv işlərə başlanılıb. Eləcə də ötən ilin sentyabr ayında Bakıda keçirilən ADEX-2016 Beynəlxalq müdafiə sərgisində Sizə göstərilən “Tufan” milli zirehli maşını üzrə işlər uğurla başa çatdırılıb və cari ilin fevral ayında Müdafiə Nazirliyi və digər güc strukturlarının aparıcı mütəxəssislərinin iştirakı ilə təqdimatı keçirilib. Sınaqlar zamanı milli zirehli nəqliyyat vasitəsi qarşıya qoyulan tələblərə cavab verib və mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib".
Nazir əlavə edib ki, zirehli maşının üzərində quraşdırılmış 12,7, 14,5, 23 və 30 millimetrlik silahlarla təchiz edilmiş universal döyüş modulu da nazirliyin müəssisələrində istehsal olunub: "Sizin verdiyiniz tapşırığa uyğun olaraq, yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi işlərinə başlanılıb. Bu layihə iki istiqamətdə - zirehlı texnika üzərində yerləşdirilmiş elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması istiqamətində aparılacaq.
Məmulatların əsas təyinatı istiqamətlənmiş elektromaqnit şüalanma yaratmaqla, hədəfdə olan müxtəlif hərbi və mülki təyinatlı texnikaların idarəetmə elektron sistemlərini sıradan çıxarmaqdır. Artıq bu layihələr üzrə intensiv və təxirəsalınmaz işlərə başlanılıb. Bu silahların döyüşdə tətbiqi düşmən ordusunu tam iflic vəziyyətə salacaq".
O qeyd edib ki, ümumilikdə, 2017-ci ildə nazirliyin müəssisələrində 136 adda müdafiə təyinatlı məmulatların yaradılması istiqamətində təcrübi-konstruktor işləri aparılır: "Möhtərəm Prezident, 2017-ci ildə əsas diqqət keçid layihələri üzrə işlərin davam etdirilməsinə yönəldiləcək. İstismara buraxılacaq 3 istehsalat müəssisəsində 100, 122, 130, 152 millimetrlik, eləcə də NATO standartlarına uyğun 155 millimetrlik artilleriya və 125 millimetrlik tank topları üçün mərmilərin və onların gilizlərinin, 40x46 millimetrlik qumbaraatan üçün müxtəlif növ qumbaralı atəş yığımlarının, RPQ-7V2 tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı üzrə son tamamlama işləri başa çatdırılacaq.
Eyni zamanda, döyüş sursatlarının hazırlanmasında əsas komponent kimi istifadə olunan partlayıcı maddələr - piroksilin, ballistit barıtlar, trotil və heksogen istehsalı üzrə zavodların, eləcə də müxtəlif çaplı artilleriya mərmiləri üçün 4 növ başlıq partladıcılarının və müxtəlif çaplı minaatan atəş yığımları üçün müasir növ tullayıcı barıt atımlarının istehsalı sahələrinin yaradılması işləri davam etdiriləcək".
Y.Camalov deyib ki, 2017-ci ilin istehsal proqramına əsasən, Müdafiə Nazirliyi və digər güc qurumları tərəfindən verilmiş sifarişə uyğun olaraq 123,7 milyon manat məbləğində müdafiə təyinatlı məmulatların istehsalı, təmiri və utilizasiyası nəzərdə tutulur: "Artıq müqavilələr bağlanıb və məmulatların istehsalı üzrə işlər həyata keçirilir. Onu da qeyd etməliyəm ki, hazırda nazirliyin müəssisələrində məhsul istehsalı həcminin artırılması üçün geniş imkanlar mövcuddur və sifarişlər artdıqca bu sahədə işləri daha da təkmilləşdirəcəyik.
Silahlanmaya tövsiyə olunan 7,62x51 millimetrlik xüsusi təyinatlı “Yalquzaq” snayper tüfənginin, 7,62x54 millimetrlik xüsusi təyinatlı əl pulemyotunun, 30 millimetrlik avtomatik qumbaraatan kompleksinin, 40x46 millimetrlik əl qumbaraatanının, 7,62x39 və 5,56x45 millimetrlik avtomatların, F-1 tipli əl qumbarasının, VOQ-25P tipli atəş yığımının, M-6, M-12 tipli mina partladıcıların və s. məmulatların cari ildə seriyalı istehsalı nəzərdə tutulur".
Nazir bildirib ki, birinci rübdə ümumi məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz artıb: "Əldə olunan artım ixrac əməliyyatları hesabına təmin edilib. İstehsal olunan məhsulların 88,3 faizini müdafiə və xüsusi təyinatlı məmulatlar təşkil edir. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılıb.
Cənab Prezident, Sizin göstərişinizlə mütəmadi olaraq həm ölkə daxilində, həm də xarici ölkələrdə keçirilmiş beynəlxalq müdafiə sərgilərində iştirakımız ixrac sahəsində uğurlar qazanmağa imkan verib. Cari il mayın 9-12-də Türkiyənin İstanbul şəhərində keçiriləcək 13-cü “İDEF-2017” Beynəlxalq sərgisində Müdafiə Sənayesi Nazirliyi tərəfindən 260 adda məmulat nümayiş etdiriləcək. Adıçəkilən sərgidə ilk dəfə olaraq nazirliyin müəssisələrində istehsal olunan 8,6x70 millimetrlik “Vaşaq” snayper tüfəngi, 40 millimetrlik QP-25 lüləaltı qumbaraatanı, 12,7 millimetrlik silahla təchiz edilmiş məsafədən idarə olunan döyüş modulu, “Tufan” milli zirehli maşını kimi bir sıra yeni məhsullar ziyarətçilərə təqdim ediləcək. Sərgi müddətində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında sazişin də imzalanması gözlənilir. Sərginin keçiriləcəyi günlərdə hərbi-texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə razılaşmaların əldə olunması, eləcə də məmulatların ixracı üzrə memorandum və niyyət protokollarının imzalanması nəzərdə tutulur.
Cənab Prezident, ölkə sənayesinin dayanıqlı inkişafının təmin edilməsinin əsas istiqamətlərindən olan ixrac potensialının genişləndirilməsi və idxalın yerli istehsalla əvəzlənməsi ilə bağlı nazirlikdə məqsədyönlü işlər aparılır. Bu məqsədlə məmulatların ixracı üzrə müqavilələr bağlanıb və icrasına başlanılıb. İxrac edilən məmulatlardan bütün növ döyüş sursatlarını, müasir atıcı və artilleriya silahlarını, pilotsuz uçuş aparatlarını, zirehli texnikaları və s. göstərmək olar".
Y.Camalov vurğulayıb ki, bu gün 10-dan çox ölkənin müvafiq qurumlarına Azərbaycanın istehsalı olan hərbi məhsulların ixracı həyata keçirilir: "Hazırda bağlanmış müqavilələrin dəyəri 101 milyon ABŞ dolları təşkil edir. Bu məbləğin 57 milyon dolları icrada olan müqavilələrdir, qalan 44 milyon dolları isə qarşı tərəfdən son istifadəçi sertifikatları təqdim edildikdən sonra qüvvəyə minəcək".