...

Azərbaycanın Bolqarıstandakı səfiri Sofiyada gənc rəssamların mükafatlandırma mərasiminə qatılıb (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2017 20:10 (UTC +04:00)
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Sofiyada gənc rəssamların mükafatlandırması mərasimində iştirak edib
Azərbaycanın Bolqarıstandakı səfiri Sofiyada gənc rəssamların mükafatlandırma mərasiminə qatılıb (FOTO)

Bakı. Trend:

Sofiyada “Nağıl dünyası” rəsm atelyesinin müxtəlif ölkələrdə keçirilmiş müsabiqələrdə qalib gəlmiş gənc rəssamlarının mükafatlandırması mərasimi olub.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, mərasim çərçivəsində həmçinin qaliblərin əsərlərindən ibarət sərgi nümayiş olunub. Sərgidə 5-16 yaş arası uşaqların 70-ə yaxın əsəri təqdim olunub. Atelyenin gənc rəssamları Azərbaycan, Yaponiya, Rumıniya, Çexiya, həmçinin Bolqarıstanda keçirilmiş beynəlxalq müsabiqələrdə iştirak edərək müxtəlif mükafatlara layiq görülüblər.

Açılışda Bolqarıstanın məşhur sənətşünası Dimitr Qrozdanov və Azərbaycanın Bolqarıstandakı səfiri çıxış ediblər.

N.Qurbanova “Dostluğun sehri” I Beynəlxalq Uşaq Rəsm müsabiqəsinin qaliblərini təbrik edərək Bolqarıstandan uşaqların artıq ikinci ildir ki sözügedən yarışmada iştirak etməsindən məmnunluğunu bildirib. Səfir qeyd edib ki, “Dostluğun sehri” Beynəlxalq Uşaq Rəsm Müsabiqəsi AR Təhsil Nazirliyi, Bakı şəhəri Uşaq Yaradıcılıq Mərkəzi, Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə 2016-cı ildən etibarən keçirilir. Səfir ötən ilki beynəlxalq yarışmada 11 ölkədən uşaqların iştirak etdiyinə və onların dünyaya dostluq mesajı çatdırdığına diqqət çəkərək müsabiqəyə təqdim olunan əsərlərin Azərbaycanın nüfuzlu rəssamları tərəfindən dəyərləndirildiyini əlavə edib.

N.Qurbanova tədbir iştirakçılarına cari ilin aprel ayında Bolqarıstan Milli İncəsənət Qalereyasında müasir Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Azərbaycan – Sehrli rənglərin kainatı” adlı sərgi təşkil olunması və bir ay davam edən sərginin bolqar sənətsevərlərin böyük marağına səbəb olması barədə məlumat verib.

Səfir bu kimi tədbirlərin davam etdirilməsinin xalqlarımız arasında mədəni sahədə münasibətlərin daha da genişlənməsinə təkan verəcəyini söyləyib.

Sonda səfir “Dostluğun sehri” I Beynəlxalq Uşaq Rəsm müsabiqəsinin qaliblərinə diplom və medalları təqdim edib. Qeyd edək ki, sözügedən müsabiqədə Bolqarıstandan iki nəfər I, bir nəfər II, yeddi nəfər III yerlərə layiq görülmüş və bir nəfər həvəsləndirici diplomla təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti