Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması məhsul üzərində onun hərəkəti boyunca nəzarəti həyata keçirməyə imkan verəcək.
Trend-in məlumatına görə, bunu jurnalistlərə kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
Nazir qeyd edib ki, Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması funksiyası bir neçə orqan arasında bölüşdürülmüşdü. Bu orqanlardan hər biri işin müəyyən hissəsini yerinə yetirirdi ki, bu da nəzarəti bütünlüklə təmin etməyə imkan vermirdi:
“Agentliyin yaradılması nəzarəti təkcə bir struktur çərçivəsində təmin etməyə deyil, həm də məhsul üzərində tarladan son istehlakçıya qədər hərəkəti boyunca nəzarəti həyata keçirməyə imkan verəcək”.
H.Əsədov vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyi öz səlahiyyətlərinin Agentliyə vaxtında təhvil verilməsi üçün əlindən gələni edəcək: “Bildiyiniz kimi, son 3 il ərzində nazirlikdə böyük laboratoriya bazası yaradılıb. Hazırda biz laboratoriyadakı məlumatların, eləcə də burada işləyən mütəxəssislərin Agentliyə təhvil verilməsi prosesini həyata keçiririk”.