...

Bakı Şəhər İcra Hakimiyyəti: Küçə musiqiçilərinin fəaliyyəti üçün heç bir məhdudiyyət yoxdur

Cəmiyyət Materials 31 May 2018 07:45 (UTC +04:00)
Küçə musiqiçilərinin fəaliyyəti dünyanın bir çox ölkələrində qəbulediləndir.
Bakı Şəhər İcra Hakimiyyəti: Küçə musiqiçilərinin fəaliyyəti üçün heç bir məhdudiyyət yoxdur

Bakı. İlhamə İsabalayeva – Trend:

Küçə musiqiçilərinin bu fəaliyyəti dünyanın bir çox ölkələrində qəbulediləndir.

Bəzi ölkələrin mərkəzi şəhərlərində sərbəst fəaliyyətlə məşğul olan küçə musiqiçilərinə demək olar ki, addımbaşı rast gəlmək olar. Belə şəhərlərdə şəxs bu fəaliyyət növü ilə tək deyil, hətta qrup şəklində də problemsiz məşğul ola bilir.

Moskvanın Mədəniyyət Departamenti də hələ bir müddət əvvəl küçə musiqiçilərinin çıxış edə biləcəyi şəhər parklarının xəritəsini hazırladığını elan etmişdi. Məqsəd daha aktiv şəhər bayramları zamanı küçə artistlərinin kütləvi tədbirlərdə iştiraka cəlb etməkdir. Departament elan etmişdi ki, şəhər sakinlərinə küçə musiqiçilərini həvəsləndirməyə icazə verilsə də, musiqçilər özləri dilənçiliklə məşğul olmamalıdırlar.

Bakıda son vaxtlar küçə musiqiçilərinə əvvəlki dövrlərlə müqayisədə nisbətən çox rast gəlinsə də, onların sayı yenə də digər ölkələrdə olan qədər çox deyil.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev Trend-ə bildirib ki, Azərbaycanda musiqiçilərin küçədə bu fəaliyyət növü ilə məşğul olması üçün heç bir qadağa mövcud deyil.

Dünya təcrübəsində də belə fəaliyyət növünün olduğunu deyən deputat qeyd edib ki, ətrafdakı insanların həyat və iş şəraitinə mane olmadığı halda bu fəaliyyətin təşkilinin heç bir mənfi tərəfi yoxdur.

O, əksinə, Azərbaycanda küçə musiqiçilərinin olmasının turizm baxımından da maraqlı olduğunu deyib:

"Azərbaycan özünü turizm ölkəsi kimi inkişaf etdirmək istəyir və ölkəyə də gələn turistlərin sayı ildən-ilə artır. Yerli musiqiçilər mədəniyyətimizi, musiqimizi təbliğ edirlərsə, bunun üçün ancaq şərait yaradılmalıdır. Ola bilər ki, Azərbaycana gələn xarici turistlər də burada bununla məşğul olmaq, öz musiqilərini təbliğ etmək istəyə bilərlər. Bu halda müvafiq icra orqanları onları başa sala bilər ki, günün hansı saatında və harada bunu etmək olar. Əlbəttə ki, gecə saat 3-də yaşayış sahəsində belə bir fəaliyyətin olmasına icazə verilə bilməz. Amma musiqiçilərin fəaliyyəti ətrafdakı insanlar üçün narahatçılıq yaratmırsa, buna normal baxmaq lazımdır. Musiqi dinləmək parkda, istirahət yerlərində gəzən insanlar üçün maraqlı olar".

M.Quliyev hesab edir ki, musiqiçilərin kücədə sərbəst fəaliyyətlə məşğul olması üçün şəhər icra hakimiyyətləri şərait yaratmalıdırlar:

Deputat hesab edir ki, musiqiçilərlə yanaşı, rəssamların, xalq sənəti ilə məşğul olan digər sənətkarların da küçədə sərbəst fəaliyyətlə məşğul olmasına imkanlar yaradılmalıdır.

Onun fikrincə, belə şəxslərin bu cür fəaliyyətlə məşğul olması üçün müəyyən standartlar, normalar hazırlanmalıdır:

"Əgər belə normalar yoxdursa, onlar şübhəsiz ki, hazırlanmalıdır. Əlbəttə, xəstəxananın həyətində, məktəbin həyətində, eyni musiqi ifa etmək iş prosesini poza, insanları narahat edə bilər. Eyni zamanda, gecə vaxtı binanın qarşısında musiqinin ifa edilməsi olmaz. Amma bu fəaliyyət insanların istirahətinə və iş fəaliyyətinə mane olmayan dərəcədə təşkil edilməlidir".

M.Quliyev hesab edir ki, musiqiçilərin kücədə sərbəst fəaliyyətlə məşğul olması üçün dövlətə hər hansı rüsumun ödənilməsinə də ehtiyac yoxdur. Çünki bu, həm daimi fəaliyyət, həm də daimi qazanc gətirən fəaliyyət deyil.

Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov Trend-ə bildirib ki, küçə musiqiçiləri bu fəaliyyətlə sərbəst şəkildə məşğul ola bilərlər və bununla bağlı heç bir məhdudiyyət yoxdur:

"Bu sahə küçə ticarəti sayıla bilməz. Bu, insanlara mədəni xidmət də ola bilər. Küçə musiqiçiləri həm Azərbaycanın mədəniyyətini təqdim edirlər, həm də özləri üçün əlavə pul qazanırlar. Onların fəaliyyətini niyə qadağan etməliyik ki?!"

Ə.Bağırov qeyd edib ki, küçədə musiqi ifa etmək istəyən şəxsin bunun üçün hər hansı qurumdan icazə alması da tələb olunmur. O, bu fəaliyyətlə sərbəst şəkildə məşğul ola bilər. Lakin bunun üçün əhalinin istirahətinə mane olmayan yerlər seçilməlidir: "Onlar parklarda, bulvarda fəaliyyət göstərirlər. Buralar elə yerlərdir ki, orada insanlar toplaşırlar və onların istirahətinə mane olmurlar. Bu sahə xüsusi sahə olduğuna görə icazənin alınmasına ehtiyac yoxdur".

Ə.Bağırov onu da qeyd edib ki, nəinki musiqiçilərin, rəssamların da küçədə sərbəst yaradıcı fəaliyyətlə məşğul olması yaxşı olardı: "Borjomidə çox yerdə rəssamlar oturaraq insanların şəklini çəkir və onu yarım saata insana verirlər. Bakıda elə yerlər varmı? Qoy, bizdə də belə yerlər olsun".

Departament rəsmisi qeyd edib ki, rəssamlar üçün sahənin ayrılması üçün müraciət daxil olmayıb: "Əgər belə bir müraciət daxil olarsa, biz onu müsbət həll edərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti