...

Gəncədə VIII Beynəlxalq Şairlər Gününə həsr edilmiş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 1 İyun 2018 12:33 (UTC +04:00)
Gəncədə VIII Beynəlxalq Şairlər Gününə həsr edilmiş tədbir keçirilib.
Gəncədə VIII Beynəlxalq Şairlər Gününə həsr edilmiş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyi (AYB) Gəncə Bölməsinin və Azərbaycan Mədəniyyət Nazirliyi Gəncə Regional Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Gəncədə VIII Beynəlxalq Şairlər Gününə həsr edilmiş tədbir keçirilib.

AYB-nin Gəncə Bölməsindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, AYB-nin Mətbuat xidmətinin sədri şair Xəyal Rza, Rəfibəylilər nəslindən olan Akif Rəfibəyli, Türkiyədən gələn, eləcə də ölkəmizin müxtəlif regionlarından olan şair və yazıçılar iştirak ediblər.

VIII Beynəlxalq Şairlər Gününün məşhur gəncəli şair Nigar Rəfibəyliyə və türk şairi Nigar Binti Osmana həsr edilməsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbir Nizami Gəncəvi məqbərəsindən başlayıb, iştirakçılar ulu öndər Heydər Əliyevin heykəlinə ehtiramla baş əydikdən sonra Xan bağında Nigar Rəfibəylinin heykəli önündə xatirə şəkilləri çəkdiriblər. Sonra Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini əks etdirən muzeydə olub, Gəncə Dövlət Filarmoniyasının möhtəşəm binasının arxitekturasını seyr ediblər.

Nigar Rəfibəyli adına 43 saylı tam orta məktəbin həyətində N.Rəfibəylinin heykəli önündə məktəbin müəllim və şagird kollektivi ilə görüş keçirilib.

Tədbirin davamı olaraq Məhsəti Gəncəvi Mədəniyyət Mərkəzində VIII Beynəlxalq Şairlər Günü N.Rəfibəyli və N.B.Osmanın xatirələrinin anılması keçirilib.

Yığıncağı şair X.Rza açaraq sözü Xalq yazıçısı Anara verib. Anar bu tədbirin beynəlxalq əhəmiyyətindən danışaraq yığıncaqda N.Rəfibəyli və N.B.Osmanın yaradıcılığına hörmətlə yanaşılmasına görə təşəkkürünü bildirib.

Sonra Nigar Rəfibəyli adına 43 saylı tam orta məktəbin şagirdləri Nigarın şeirlərindən ibarət kompozisiyalarını yığıncaq iştirakçılarına məharətlə təqdim ediblər. Bu kompozisiyaların müəllifi Vəfa Cəfərovanın çıxışı rəğbətlə qarşılanıb.

Tədbirdə AYB Gəncə Bölməsinin sədri Xəzangül, AYB Qazax Bölməsinin sədri Barat Vüsal, şairlərdən Sahib İbrahimli, Bəxtiyar Muradov, Aləmzər Əlizadə, yazıçı Nüşabə Əsəd Məmmədli, türk şairlərindən Türkiyə Elm və Ədəbi Əsər Sahibləri başqanı Mehmet Nuri Barmaksız, Yalçın Gülhan Kaya, Yadigar Sarı çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti