...

Komitə sədri: Aşura Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun keçiriləcək (FOTO)

Cəmiyyət Materials 4 Sentyabr 2018 11:12 (UTC +04:00)
Məhərrəm ayı və Aşura mərasimləri məscidlərdə və Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun, qanun çərçivəsində, fətvada irəli sürülən tövsiyələrə riayət olunmaqla keçiriləcək.
Komitə sədri: Aşura Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun keçiriləcək (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Məhərrəm ayı və Aşura mərasimləri məscidlərdə və Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun, qanun çərçivəsində, fətvada irəli sürülən tövsiyələrə riayət olunmaqla keçiriləcək.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sabunçu və Binəqədi rayonlarında həmin rayonların İcra Hakimiyyətlərinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda keçirilən seminar-müşavirədə deyib.

Komitə sədri bildirib ki, bu və ya digər ayinlər həyata keçirilərkən qanuna əməl edilməlidir: "Azərbaycan müsəlman dünyasının nümunəvi ölkəsidir. Bu mərasimlərdə xurafata heç bir halda yol vermək olmaz”.

M.Qurbanlı dini radikalizmə və dini xurafata qarşı mübarizənin əhəmiyyətini və aktuallığını diqqətə çatdırıb və vurğulayıb ki, bütün problemlərin həlli dini mükəmməl şəkildə öyrənməkdir: "Bu il də Məhərrəmlik mərasimlərinin Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına uyğun keçirilməsi, qanvermə aksiyasının təşkil edilməsi planlaşdırılıb. Yəni zəncir vurmaq, qan çıxarmaq, özünə xətər yetirmək kimi əməllər qəbul edilən deyil və bunlar sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir. Biz də bu əməllərin əleyhinəyik. Qafqaz Müsəlmanları İdarəsi də bu cür çağırışlar edir”.

M.Qurbanlı qeyd edib ki, Azərbaycanda həmişə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub: "Azərbaycanda tarixən İslam dininin müxtəlif təriqətlərinin birgəyaşayışı mövcud olub, təriqət baxımından qarşıdurma müşahidə edilməyib. Bu gün də məscidlərdə müxtəlif təriqətlərin daşıyıcıları dini ayinlərini bir yerdə icra edirlər, bir-birinə hörmətlə yanaşırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti