...

Azərbaycanda yerin təkinin istifadəsi qaydalarını pozanlar sərt cəzalandırılacaq

Cəmiyyət Materials 25 Sentyabr 2018 10:44 (UTC +04:00)
Azərbaycanda yerin təkinin istifadəsi qaydalarını pozanlar sərt cəzalandırılacaq.
Azərbaycanda yerin təkinin istifadəsi qaydalarını pozanlar sərt cəzalandırılacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda yerin təkinin qorunması və istifadəsi qaydalarını pozmağa görə yeni cəzalar tətbiq ediləcək.

Trend-in məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.

Məcəllənin 255-ci (Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddəsinin birinci bəndinə əsasən, dağ-mədən müəssisələrinin və ya yeraltı qurğuların faydalı qazıntıların çıxarılması ilə əlaqəsi olmayan layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və ya istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması, habelə faydalı qazıntıların yerləşdiyi ərazidə qanunsuz tikinti aparılması əhəmiyyətli zərərə səbəb olduqda 3 min manatdan 6 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya 1 ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

Dəyişikliklə cərimənin məbləğinin aşağı həddi 6 min, yuxarı həddi isə 10 min manat nəzərdə tutulur. Bundan başqa, bəndə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası da əlavə edilir.

Maddəyə əlavə edilən 255.2-ci bəndə əsasən, birinci bənddə nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər nəticələrə səbəb olduqda cinayət nəticəsində vurulan ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə 3 ildən 5 il ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişiklik layihəsi Milli Məclisin oktyabrın 1-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti