...

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

Cəmiyyət Materials 14 Dekabr 2018 12:44 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurası yaradılıb və 9 nəfərdən ibarət tərkibi formalaşıb.
İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurası yaradılıb və 9 nəfərdən ibarət tərkibi formalaşıb.

Aİİ-dən Trend-ə verilən məlumata görə, Elmi Şuranın Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi yanında İctimai Nəzarət Şurasının yaradılması haqqında qərarından, Şuranın Əsasnaməsinin qəbulundan sonra, İnstitut rektorunun əmri ilə İctimai Nəzarət Şurasının tərkibi təsdiq edilib.

Şuranın tərkibinə Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, təhsil üzrə ekspert, professor Şahlar Əsgərov, təhsil üzrə ekspert Nadir İsrafilov, “Trend” İnformasiya Agentliyi Baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev, “İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai-Siyasi Proqramlar Departamentinin direktoru Anar Yusifoğlu, Modern.az saytının rəhbəri Elşad Eyvazlı, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva, Azərbaycan İlahiyyat İnstitutunun birinci kurs tələbəsi Fərid Qasımzadə daxil edilib.

Dekabrın 13-də İctimai Nəzarət Şurasının ilk iclası keçirilib və təşkilati məsələlər müzakirə olunub. Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları Birgə Qrupun üzvü Əliməmməd Nuriyev sədr, təhsil üzrə ekspert Nadir İsrafilov sədr müavini, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva katib seçilib.

Şura üzvləri iclasdan sonra Aİİ rektoru Ceyhun Məmmədovla görüşüblər. Cəmiyyətdə təhsilin xüsusi rolunu vurğulayan rektor Aİİ-nin məqsəd və vəzifələri haqqında məlumat verib. Bildirilib ki, bu sahədə qazanılan nailiyyətlər Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nümunəsidir.

C.Məmmədov, həmçinin Aİİ-də imtahanların təşkili haqqında da məlumat verib. O, qeyd edib ki, imtahanlar yazılı formada aparılmaqla yanaşı, zərurət olduğu hallarda, bəzi fənlər üzrə şifahi dialoq və ya test formasında keçirilir.

Sonra tədris prosesinin təşkili, elm və təhsilin inteqrasiyası, tələbələrin elmi fəaliyyətə cəlb edilmələri, müəllim-tələbə münasibətləri və digər məsələlər barədə müzakirələr aparılıb.

Məlumat üçün bildiririk ki, İctimai Nəzarət Şurasının əsas məqsədi Aİİ-nin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, İnstitut ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili, əməkdaşlarının və təhsilalanların hüquqlarının müdafiəsi, fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın təmini üçün təkliflərin verilməsindən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti