...

Aİİ-nin “İlahiyyatçı” qəzetinin fevral buraxılışı nəşr olunub

Cəmiyyət Materials 5 Mart 2019 18:11 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin fevral buraxılışı çap olunub.
Aİİ-nin “İlahiyyatçı” qəzetinin fevral buraxılışı nəşr olunub

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin fevral buraxılışı çap olunub.

İnstitutdan Trend-ə verilən məlumata görə, mətbu orqanın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında”; “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamları yer alıb.

Qəzetin ikinci səhifəsində “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı; Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair Tədbirlər Planının təsdiq edilməsi haqqında Sərəncamı; “Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədə “İmamzadə” dini kompleksini ziyarət edib” başlıqlı məqalə dərc olunub.

Mətbu orqanın 3-4-cü səhifələrində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini Mübariz Qurbanlının “Humanizm zirvəsi” başlıqlı məqaləsi dərc olunub. Məqalədə Azərbaycanın tarixən tolerant ölkə kimi tanındığı, müxtəlif dini və etnik qruplara məxsus insanların ölkəmizdə dinc, rahat yaşaması vurğulanır.

Qəzetin müxtəlif rubrikalarında Xocalı faciəsinə həsr olunmuş bir sıra yazılar yer almışdır – “Yeni Dünya”da başlayıb Xocalıda bitməyən “ƏDALƏT”, yaxud “150” rəqəminin sirri”; “Xocalı faciəsi anıldı”; “Soyqırımı və terror: mövcudluğumuza və kimliyimizə vurulan zərbə kimi” başlıqlı məqalələr bu qəbildəndir.

“Sumqayıt hadisələrindən 31 il keçir...” məqaləsində tarixin müxtəlif mərhələlərində ermənilərin Azərbaycana qarşı məkrli siyasətindən ətraflı bəhs edilir.

“İlahiyyatçı” qəzetinin fevral buraxılışında Azərbaycan İlahiyyat İnstitutunun birilliyinə həsr olunmuş “Sağlam dini, mənəvi mühit birliyimizi gücləndirir, uğurlarımızı artırır” başlıqlı məqalə də dərc edilib. Yazıda Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanmasının ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olduğu bildirilir. Daha sonra qeyd edilir ki, Prezident cənab İlham Əliyevin 2018-ci il fevralın 9-da böyük uzaqgörənliklə imzaladığı Sərəncamla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılmışdır.

Qəzetin digər rubrikalarında rus, ingilis dillərində məqalələr yer almışdır – “Деятельност Азербайджанского Института Теологии”; “The notion of variation in English”; “What is Cocney?”; “INJUSTICE from the New World to Khojaly or the secret of the figure 150” başlıqlı yazılar bu qəbildəndir.

Gənclər gününə həsr olunmuş “Gənclərin cəmiyyətdə rolu”; tələbələrin “İlahiyyat elminin incəliklərini öyrənirik”; “Aİİ-nin tələbəsi olmağımla fəxr edirəm”; “Ömrümün ilk tələbəlik ili”; “Dövlətin qayğısına uğurlarımızla cavab verək” başlıqlı məqalələrdə tələbələrin İnstitut haqqında düşüncələri və digər məlumatlar əks olunub.

Mətbu orqanın fevral buraxılışında, həmçinin ictimaiyyət nümayəndələri, elm xadimləri, tədqiqatçıların iştirakı ilə təşkil olunan seminar və “dəyirmi masa”lar, tədbirlər haqqında xəbərlər yer alıb. “Dini etiqad azadlığı: hüquqi aspektlər”; “İslam arxeologiyası”; “Tədris və elmi tədqiqat təcrübəsi ilə bağlı görüş”; “Yüksək nəticələr göstərən tələbələr mükafatlandırılıb” və Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimiz xalqımızın milli-mənəvi sərvətidir” başlıqlı məqalələr qəzetdə əksini tapıb.

Həmçinin qəzetdə “Din, mədəniyyət və cəmiyyət” mövzusunda “Qış məktəbi” layihəsi” başlıqlı yazı dərc olunub. Məqalədə İnstitut kollektivi və tələbələrdən ibarət heyətin 31 yanvar-2 fevral 2019-cu il tarixdə Şamaxı rayonunda “Qış məktəbi” layihəsi çərçivəsində müxtəlif istiqamətlər üzrə təşkil olunan təlim və seminarlarda iştirak etdiyi barədə məlumat verilib.

Mətbu orqanın digər səhifələrində oxuculara vətənpərvərlik, milli-mənəvi, maarifçilik dəyərləri aşılayan bir sıra yazılar – “Dünya duracaq yer deyil”; “Bəşəriyyətin müəllimi – Cəlaləddin Mövlana”; “İlk İslam filosofu əl-Kindi (801-866)” dərc olunub.

Məlumat üçün bildirək ki, qəzetin nəşr olunmasında məqsəd İnstitutun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ictimaiyyəti məlumatlandırmaq, gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, onların intellektual səviyyəsini və dünyagörüşünü zənginləşdirmək, ölkəmizdə dini maarifləndirmə işinə töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti