...

Aİİ-də “Elmi məqalənin yazılması və beynəlxalq elmi nəşrlərin tələbləri” mövzusunda seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 9 Aprel 2019 20:41 (UTC +04:00)
Seminar mövzu ətrafında müzakirələrlə davam etdirilib.
Aİİ-də “Elmi məqalənin yazılması və beynəlxalq elmi nəşrlərin tələbləri” mövzusunda seminar keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Clarivate Analytics” bazasının Azərbaycanda təşkil etdiyi təlim proqramının rəsmi eksperti, fəlsəfə üzrə fəlsəfə doktoru Xəyalə Məmmədovanın təqdimatında “Elmi məqalənin yazılması və beynəlxalq elmi nəşrlərin tələbləri” mövzusunda seminar təşkil olunub.

İnstitutdan Trend-ə verilən məlumata görə, Aİİ rektoru Ceyhun Məmmədov seminar iştirakçılarını salamlayaraq, ali təhsil müəssisəsində İnstitut əməkdaşlarının və tələbələrin elmi potensialının gücləndirilməsi, yerli, həmçinin beynəlxalq jurnallarda məqalələrin nəşri və onların bu sahədə aktivliyinin təşviqi məqsədi ilə müxtəlif seminarlar, “dəyirmi masa”lar, treninqlər keçirildiyini bildirib.

Rektor ölkə Prezidenti İlham Əliyevin Azərbaycan elminə göstərdiyi diqqət və qayğısından bəhs edib. Qeyd edib ki, informasiya mühitini formalaşdıran rəqəmsal əsrdə davamlı elmi inkişafın təmin olunmasında əsas vəzifələrdən biri beynəlxalq elektron elmi informasiya məkanına inteqrasiyadır.

“Clarivate Analytics” bazasının Azərbaycanda təşkil etdiyi təlim proqramının rəsmi eksperti, fəlsəfə üzrə fəlsəfə doktoru Xəyalə Məmmədova “Elmi məqalənin yazılması və beynəlxalq elmi nəşrlərin tələbləri” mövzusunda məruzə ilə çıxış edib. X.Məmmədova bildirib ki, seminarın məqsədi Azərbaycan alimlərinin əsərlərinin dünyanın nüfuzlu yüksək indeksli jurnallarında dərc edilməsi, bu sahədə əməkdaşlığın davamlı olması ilə bağlı maarifləndirmə işlərinin aparılması və digər məsələlərdir.

X.Məmmədova beynəlxalq tələblərə cavab verən elmi məqalələrin strukturunun formalaşdırılması, elmi məqalələrin jurnallarda çap olunması, elmi jurnalların araşdırılması və seçilmə qaydaları haqqında ətraflı məlumat verib. Məruzəçi elmi məqalənin beynəlxalq jurnallara təqdim edilmə qaydaları; məqalənin çap olunması üçün müəyyən bacarıqların inkişaf etdirilməsi; redaktor və rəyçilərin cavablandırılması ilə bağlı mövzular haqqında da əhatəli bəhs edib. Qeyd edib ki, əsas hədəflərdən olan mühüm elmi nəticələrin əldə olunması və təbliği üçün beynəlxalq elmi bazaların imkanlarından geniş istifadə edilməlidir.

Seminar mövzu ətrafında müzakirələrlə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti