Bakı. Samir Əli - Trend:
Bakıda 2013-cü ildən fəaliyyət göstərən “Barbarisso” uşaq gözəllik salonu ilk dəfə olaraq Gəncə şəhərində filialını açıb.
Trend-in məlumatına görə, girişi al-əlvan şarlarla bəzədilmiş salonun açılış mərasimi şəhər sakinləri, xüsusən uşaqların şən əhval-ruhiyyəsi altında baş tutub.
Bakıdakı salondan fərqli olaraq Gəncənin Atatürk prospekti, 264 ünvanında yerləşən "Gənc" adlı filialda həm uşaqlar, həm də böyüklərə xidmət göstəriləcək.
Məkan hər kəsə uyğun interyerdə dizayn olunub. Belə ki, uşaqlar üçün nəzərdə tutulan hissə al-əlvan, azyaşlıların zövqünü oxşayacaq tərzdə qurulubsa, valideynlərin ixtiyarında olacaq salon müvafiq olaraq ən müasir üslubda təşkil olunub.
Burada saçların sırf uşaq saç modelləri üzrə düzəldilməsi, tədbir və ya bayramlara hazırlaşan uşaqların üzünə müxtəlif şəkillərin çəkilməsi, qız uşaqlarının saçlarının xüsusi forma verilərək hörülməsi kimi xidmətlər də göstərilir.
Gözəllik salonunun meneceri Samirə İsmayılova "GƏNC by Barbarisso" ailəvi gözəllik salonunun özəlliklərindən söz açıb: "Salonun işçiləri yüksək peşəkar və xüsusi sertifikatlı kadrlardır. Salon iki hissədən - kişi və qadın bölümlərindən ibarətdir. Burada kişi, qadın və uşaqlara eyni anda xidmət göstərilir. Hər bir ailə qısa zaman ərzində xidmətimizdən istifadə edə bilər”.
S.İsmayılova əlavə edib ki, Bakı ilə yanaşı, Azərbaycanın digər böyük şəhərlərində də yeni filialların açılması nəzərdə tutulur.
Saç ustası Mehman Dəmirov isə qeyd edib ki, bura ailəvi salon olduğuna görə bütün xidmətlər daxildir:
"Uşaqlara üz quruluşlarına görə saç düzümləri edirik, əlavə olaraq naxışlar çəkirik, yüksək səviyyədə xidmət göstəririk. Prosedurlarımızın heç bir kimyəvi təsiri, zərəri yoxdur. Əlavə olaraq oyuncaqlarımız var, uşaqları əyləndirə bilirik, heç bir uşaq burada darıxmır. Hətta uşaqlar saç düzümlərini özləri seçirlər, biz də həmin saç düzümünü onların üz quruluşlarına uyğunlaşdırırıq. Azərbaycanda artıq hər kəs bizim salonun necə səliqəli, yüksək səviyyəli xidmət göstərdiyini bilir".