Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakıda Azərbaycanın Milli Qəhrəmanının şərəfinə abidə ucaldılıb.
Trend-in məlumatına görə, Nərimanov rayonunda Milli Qəhrəman Albert Aqarunova heykəl qoyulub. Heykəl qəhrəmanın adına olan küçədə ucaldılıb. Abidə artıq hazırdır və yaxın zamanlarda açılışı gözlənilir.
A.Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində, yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib.
A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.
Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Bu il şəhidin 50 illik yubileyidir.