...

BDYP rayona gedən sürücülər haqda tədbir görəcək: 902-yə məlumat verin (FOTO)

Cəmiyyət Materials 11 Oktyabr 2019 19:16 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarına təhlükəsiz yol arzulayır və onlardan yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir
BDYP rayona gedən sürücülər haqda tədbir görəcək: 902-yə məlumat verin (FOTO)

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

"Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda sərnişindaşıma fəaliyyətində təhlükəsizlik məsələləri ilə bağlı qarşıya qoyulmuş məqsədlərə, eyni zamanda bu sahədə aparılan tədbirlərin daha səmərəli təşkili ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişlərinə uyğun olaraq, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qabaqlayıcı tədbirlərin, maarifləndirmə xarakterli görüşlərin keçirilməsinə diqqət daha da artırılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Trend-ə açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı növbəti tədbir Bakı Beynəlxalq Avtovağzal Kompleksində keçirilib: "Lakin, bu dəfə DYP əməkdaşları sərnişin daşıyanları deyil, sərnişinlərin özlərinin maariflənməsini hədəf seçiblər.

Belə ki, Dövlət Avtomobil Nəzarəti Xidmətinin və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin təmsilçilərinin, eləcə də KIV nümayəndələri qatıldığı tədbir kompleks daxilində və avtobuslarda bilavasitə sərnişinlərin iştirakı ilə gerçəkləşib.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları elektron və çap materialı formasında hazırladıqları tövsiyə xarakterli posterin məzmununu barədə sərnişinlərə məlumat verərək onları yollarda üzləşə biləcəkləri təhlükələrdən xəbərdar edib və belə hallara qarşı birgə mübarizənin əhəmiyyətindən danışıblar.

Məlumat üçün qeyd edək ki, sözügedən posterdə sərnişinlərə xitab edilərək, onlara: həyatlarını etibar etdikləri sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozması hallarına biganə qalmamaq, nəqliyyat vasitələrində hərəkət zamanı sürücünün diqqətini yayındıra biləcək söhbətlərdən çəkinmək, belə söhbətlərdə iştirak edən sürücülərə etiraz etmək, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə edən, ümumiyyətlə yol hərəkəti qaydalarını pozan sürücülərə irad bildirmək və onları intizamlı olmağa dəvət etmək tövsiyə edilir".

Şöbə rəisi bildirib ki, bununla yanaşı, posterdə, yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər barəsində dərhal Baş Dövlət Yol Polisi İdarəsinin “902” Qaynar Xəttinə məlumat vermələri də sərnişinlərdən xahiş olunur:

"Təsadüfi deyil ki, bu səpkidə keçirilən maarifləndirmə tədbirləri və təqdim olunan təbliğat materialları sərnişinlər tərəfindən maraqla qarşılanıb və müsbət rəy alıb. Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarına təhlükəsiz yol arzulayır və onlardan yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti