...

Müsabiqə qalibi olan Bakı şagirdi NASA-ya göndəriləcək

Cəmiyyət Materials 13 Aprel 2020 17:23 (UTC +04:00)
Müsabiqə qalibi olan Bakı şagirdi NASA-ya göndəriləcək

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan məktəbliləri arasında keçirilən “Bu günün alimi“ (Scientist for a day) inşa-yazı müsabiqəsinə yekun vurulub. Müsabiqə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) və Tusi Bohm Planetariumun birgə təşkilatçılığı ilə keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, cari ildə "Bir alim kimi düşünün və növbəti yerləri araşdırmaq üçün qərar verin!" mövzusunda keçirilən müsabiqədə V-XI sinif şagirdləri iştirak ediblər. Müsabiqəyə 50 inşa-yazı göndərilib və onlardan yalnız 38-i ilkin şərtlərə cavab verərək qiymətləndirmə mərhələsinə keçib.

Yeni növ koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş karantin rejimi ilə əlaqədar olaraq müsabiqə qaliblərinin elan olunması ilə bağlı tədbir onlayn platformada təşkil olunub.

Yarımfinal mərhələsinə vəsiqə almış 7 inşanın qiymətləndirilməsi isə onlayn qaydada həyata keçirilib və I, II, III yerlər müəyyənləşdirilib. Müsabiqədə I yerə layiq görülən Bakı şəhəri 214 nömrəli ümumtəhsil məktəbinin XI sinif şagirdi Elvin İbrahimov növbəti seçim turuna vəsiqə qazanaraq NASA-ya göndəriləcək, NASA alimləri və mühəndisləri ilə birgə telekonfrans və ya videokonfranslarda iştirak edəcək.

Qeyd edək ki, sözügedən müsabiqə 2015-ci ildən etibarən ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) tərəfindən məktəblilərin gələcək kosmik missiyalara diqqətini cəlb etmək və bu istiqamətdə elmi marağı artırmaq, həmçinin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədilə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti