Bakı. Trend:
Ukraynanın müstəqilliyinin 29-cu ildönümü münasibətilə Azərbaycanın Ukraynadakı səfirliyi orijinal hədiyyə olaraq təbrik videosu hazırlayıb.
Səfirlikdən Trend-ə verilən məlumata görə, videoçarxda Ukrayna cəmiyyətinə uğurla inteqrasiya edən gənc azərbaycanlılar, habelə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova iştirak edib.
Təbrik videosunda qədim Kiyevin mənzərəli məkanları fonunda Ukraynada yaşayan azərbaycanlı gənc həkim və memarları, müğənni və dövlət məmurları görkəmli Ukrayna şairi Vladimir Sosyuranın “Ukraynanı sev” (“Любіть Україну”) şeirini sevgi ilə səsləndiriblər. Videoçarxın sonunda Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova qardaş Ukrayna xalqına bütün Azərbaycan xalqı, səfirliyin kollektivi və şəxsən öz adından səmimi təbriklərini, ən xoş arzularını çatdırıb.
Videoçarxın ideya müəllifi Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşı, gənc diplomat Təranə Sadıqovadır. Bu maraqlı layihəni uğurla həyata keçirən rejissor-etnik azərbaycanlı, Ukrayna vətəndaşı Amerikanın “Palm Springs” film festivalının qalibi İlqar Axundovdur.