Bakı. İlhamə İsabalayeva - Trend:
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilir.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi sentyabrın 29-dan oktyabrın 4-dək aparılacaq.
Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.
Ümumi orta (9 illik) təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər müsabiqədə tədris dili (Azərbaycan dili və ya rus dili), riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər. 1 mart 2020-ci il tarixdə buraxılış imtahanının birinci mərhələsində iştirak etmiş cari ilin məzunları isə müsabiqədə imtahanın ikinci mərhələsinin modeli əsasında keçirilən qəbul imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi 2020-ci il sentyabrın 29-dan oktyabrın 4-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib www.eservices.dim.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.
Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.
İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.