Bakı. Trend:
"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) və "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş "Təbiətə sayğı, gələcəyə qayğı" devizi altında ekoloji aksiya keçirilib.
QSC-dən Trend-ə verilən məlumata görə, Daşkəsən şəhərində təşkil edilən aksiyada Cəmiyyətin əməkdaşları, RİİB-nin könüllüləri və məktəblilər iştirak ediblər. Aksiya çərçivəsində Daşkəsən şəhərinin parklarındakı ağaclara quş yuvaları və yem qabları asılıb, yemliklərə dən tökülüb. Bununla yanaşı, “Daşkəsən” dəmir filizi sahəsi, eləcə də şəhərin yaşıllıq sahələrində şam ağacları əkilib. Yeni əkilən ağaclar suvarılaraq onlara aqrotexniki qaydada qulluq göstərilib.
Qeyd edək ki, quş yuvaları, peşə təhsili müəssisələri ilə əməkdaşlıq layihəsi çərçivəsində “AzerGold” QSC-nin sifarişi əsasında Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin şagirdləri tərəfindən hazırlanıb.
Aksiyanın əsas məqsədi ətraf mühitin qorunması, zərərverici həşəratlarla mübarizədə mühüm rol oynayan quş növlərinin sayının artırılması, həm də məktəblilərə ətraf mühitə sevgi və qayğı hisslərinin aşılanmasına dəstək xarakteri daşıyır.
Cəmiyyət tərəfindən ekoloji tarazlığın təmin edilməsinə töhfə vermək məqsədilə bu cür aksiyalar mütəmadi olaraq keçirilir. Belə tədbirlərin icrası nəticəsində “Çovdar” mədəninin 15 hektardan çox ərazisində 10 000-dən artıq ağac və kol əkilib, yaşıllıqlar salınıb. Bununla yanaşı, təqribən 40 hektara yaxın ərazinin yaşıllaşdırılmasında istifadə edilməsi məqsədi ilə gələcəkdə salınacaq palıd tingliyi üçün 100 mindən çox fidan mədən ərazisində aqrotexniki qaydalara uyğun olaraq yetişdirilir.