...

BDU-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə həsr edilmiş dəyirmi masa keçirilib (FOTO)

Cəmiyyət Materials 16 İyun 2021 16:30 (UTC +04:00)
BDU-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə həsr edilmiş dəyirmi masa keçirilib (FOTO)

Bakı. Trend:

İyun ayının 16-da Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr edilmiş dəyirmi masa keçirilib. Pandemik şəraitlə bağlı sanitar-gigienik tələblərə uyğun məhdud sayda iştirakçı ilə keçirilən tədbirdə hər iki ali təhsil müəssisəsinin rektorları və rəhbər heyəti iştirak edib.

Dəyirmi masanı giriş sözü ilə açan BDU-nun rektoru, dosent Elçin Babayev Pedaqoji Universitetin nümayəndələrini salamlayaraq ali təhsil müəssisəsinin 100 illik yubileyi münasibəti ilə təbrik edib. O çıxışında ADPU-nun qurucularının xatirələrini yad edərək universitetin ölkəmizin milli pedaqoji təhsil sferasında hər zaman xüsusilə fərqləndiyini qeyd edib.

Ulu öndər Heydər Əliyevin daim ADPU-ya diqqətindən danışan rektor həmçinin, bu yaxınlarda ölkə prezidenti İlham Əliyevin imzaladığı Pedaqoji Universitetin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamda universitetin fəaliyyətinə olduqca yüksək qiymət verildiyini vurğulayıb.

E.Babayev qeyd edib ki, BDU və ADPU-da elmi-pedaqoji fikrin inkişafı sahəsində daim birgə əməkdaşlıq əlaqələri mövcud olmuşdur və bu əlaqələr bu gün də yüksək səviyyədə davam edir. Belə ki, ADPU-nun 31 rektordan 11-i BDU-nun, BDU-nun 25 rektorundan 3-ü isə ADPU-nun məzunudur. Həmçinin Cəfər Xəndan, Cəbrayıl Ələsgərov və Mehdi Əliyev müxtəlif illərdə həm BDU-ya, həm də ADPU-ya rəhbərlik etmişlər.

Pedaqoji Universitetin 70-dən çox elmlər doktorundan 20-yə qədəri BDU məzunudur, digər yandan bu gün 100-dən çox ADPU məzunu BDU-da müxtəlif vəzifələrdə çalışır.

Natiq çıxışının sonunda qeyd edib ki, Pedaqoji Universitetin 100 illiyi təkcə ADPU-nun yox, bütün Azərbaycan xalqının bayramıdır və BDU ADPU-nun yubileyi ilə bağlı tədbirlərini davam etdirəcək.

Çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov göstərilən diqqətə və qonaqpərvərliyə görə BDU-nun rəhbərliyinə təşəkkür edib və bildirib ki, 100 illik yubiley tədbirləri çərçivəsində ilk olaraq BDU-nun yubileyin keçirilməsi ilə bağlı təşəbbüsü çox önəmlidir.

Prof. C.Cəfərov qeyd edib ki, 1921-ci ildə cəmi 6 tələbə ilə fəaliyyətə başlayan Dövlət Pedaqoji Universiteti bu gün özünün 160 mindən çox yüksəkixtisaslı məzunu ilə fəxr edir. Təkcə onu demək kifayətdir ki, AMEA-nın 11 prezidentindən 3-ü ADPU məzunudur və onlar ümumilikdə 27 il ölkəmizin elm məbədinə rəhbərlik etmişlər. 5 dəfə ADPU-da olan ulu öndər Heydər Əliyevin hakimiyyət illəri isə ADPU-nun tarixində xüsusi inkişaf mərhələsi kimi ayrılır.

Universitetdə aparılan islahatlar, yeni tədris mühitinin yaradılması və əldə olunan uğurlardan danışan rektor vurğulayıb ki, həm tədris, həm maddi-texniki sahədə son 5 ildə universitetdə əsaslı yenilənmələr aparılmışdır və artıq xeyli müsbət nəticələr əldə edilmişdir. Bu gün MİQ imtahanlarında yüksək nəticə göstərən ADPU məzunları 2016-cı illə müqayisədə 400 faiz daha yaxşı nəticə göstərərək 70 faizə qədər mütləq üstünlüyü təşkil edir. Universitetin 2020-ci ildəki məzunlarından 51,5 faizi işlə təmin olunub.

Həmçinin 52 xarici universitetlə əlaqələri olan universitetin beynəlxalq əməkdaşlıq sahəsində son illərdəki böyük uğurlarından olan ABŞ-ın Corc Vaşinqton Universiteti ilə ikili Diplom Proqramı uğurla davam edir və artıq gələn ildən qəbul planının 25-dən 40-a qaldırılması planlaşdırılır.

Yeni tədris ilindən etibarən ADPU-da MBA və SABAH magistraturasına, həmçinin iki ixtisasda bakalavr səviyyəsində ingilis bölməsinə qəbul aparılacaq.

100 illiyini geridə qoyan Pedaqoji Universitet 2025-ci il üçün hazırlanacaq inkişaf konsepsiyasında təhsilalanlara milli mənlik şüuru əsasında daha çox iki komponent, - rəqəmsal biliklər və xarici dil kompetensiyalarının aşılanmasını hədəf kimi nəzərdə tutur.

Çıxış edənlərdən BDU-nun Sosiologiya kafedrasının professoru İzzət Rüstəmov və universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, ADPU-nun məzunu Şahin Pənahov Pedaqoji Universitetlə bağlı xatirələrini bölüşüb, ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov isə ADPU-nun çətin və şərəfli inkişaf yolundakı maraqlı məqamlara nəzər salıb.

Tədbir çərçivəsində Pedaqoji Universitetə aid nəşrlərin yer aldığı sərgi təqdim edilib.

Sonda yubiley münasibəti qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti