Bakı. Çingiz Səfərli -Trend:
Ali məktəblərə muxtariyyətin verilməsi mülkiyyət formasından asılı olmayaraq, təhsil müəssisələrinin idarəetmə modellərinin təkmilləşdirilməsi, onların fəaliyyətində şəffaflığın və səmərəliliyinin təmin edilməsinə, ali təhsil müəssisələrinin tədris proseslərinin keyfiyyətinin yüksəldilməsi hesabına məzunlarımızın bilik səviyyəsinin, peşəkar bilik və kompetensiyalarının artırılmasına xidmət edəcək.
Bunu Trend-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, bu baxımdan ali təhsil müəssisələrinə muxtariyyətin verilməsi vacib məsələdir. Digər bir tərəfdən də hesabatlılığın çoxalmasına gətirib çıxaracaq:
"Bu gün Azərbaycanda 51 ali təhsil müəssisəsi var və onların əksəri dünya reytinqində öndə deyillər. Bunun əsas səbəbi ali təhsil müəssisələrinin idarəetməsində çevikliyin aşağı olmasıdır. Çünki hər hansı bir muxtariyyətin olmaması səbəbindən çevik qərarların qəbul edilməməsi müəyyən problemlər yaradır. Hesab edirəm ki, Azərbaycanda bu məsələlərin həlli, yəni ali təhsil müəssisələrinə muxtariyyətin verilməsi onların həm də publik hüquqi şəxs statusunda olmasına gətirib çıxaracaq. Muxtariyyət statusu alan universitet eyni zamanda rahat islahatlar aparıb, dünyaya inteqrasiya edə biləcək. Bu baxımdan ali təhsil müəssisələrinə mütləq şəkildə muxtariyyət verilməlidir".
Ekspert həmçinin bildirib ki, ali təhsil müəssisələrinə muxtariyyətin verilməsi ilk növbədə rəhbərlik edən şəxslə bağlı da müstəqillik verəcək.
"Misal üçün Türkiyədə universitet 5 nəfəri rektor kimi seçir və prezidentin sərəncamına göndərir, prezident də həmin o şəxslərdən birini rektor təyin edir. Bu yöndə metodlar çoxdur, amma biz ən sivil qaydada olan metodu seçəcəyik və o qaydadan istifadə edəcəyik. İstər o metod ya başqa bir metod olsun, əgər rektor işləyə bilmirsə, cəmiyyət məsələni qaldırır və həll edir. Bir məqamı da qeyd edim ki, 2013-cü ildə qəbul edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi nəzərdə tuutlurdu" - deyə o qeyd edib.