...

ƏƏSMN-də Moldova nümayəndə heyəti ilə görüş olub (FOTO)

Cəmiyyət Materials 28 İyul 2021 17:38 (UTC +04:00)
ƏƏSMN-də Moldova nümayəndə heyəti ilə görüş olub (FOTO)

Bakı. Trend:

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Moldova Respublikası Milli Sosial Sığorta Kassasının nümayəndə heyəti ilə görüşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir ötən dövrdə Azərbaycanla Moldova arasında dostluq və əməkdaşlığın, qarşılıqlı faydalı dövlətlərarası münasibətlərin daha da inkişafı üçün imzalanmış sənədləri, müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb.

S.Babayev Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətləri, Azərbaycanda aparılan sosial islahatlar proqramı, sosial inkişaf istiqamətində əldə olunan uğurlar barədə məlumat verib. Ölkəmizin yeni brendinə çevrilən DOST konsepsiyasından bəhs edən nazir milli sosial təminat sisteminin gücləndirilməsi, sosial ödənişlərin artırılması sahəsində ardıcıl addımların atıldığını diqqətə çatdırıb. Sosial sığorta və sosial təminat sahəsində e-xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, proaktiv xidmətlərin tətbiqi işlərini qeyd edib.

Nümayəndə heyətinin rəhbəri, Moldovanın Milli Sosial Sığorta Kassasının Baş direktorunun müavini Svetlana Daskal ölkəmizə səfəri ilə bağlı xoş təəssüratlarını bölüşüb. O, ölkəsində sosial sahədə aparılan islahatları, sosial sığorta sisteminin təkmilləşdirilməsi üçün görülən işləri qeyd edib. Dövlət Sosial Müdafiə Fondu ilə təcrübə mübadiləsinin onlar üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Görüşdə müasir sosial sığorta və təminat sistemləri qarşısında dayanan yeni çağırışlara və reallaşdırılan islahatlara, Moldovanın Milli Sosial Sığorta Kassası ilə qarşılıqlı faydalı ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti