...

"Pepino mozaik" virusu nədir və onunla necə mübarizə aparılmalıdır?

Cəmiyyət Materials 6 Avqust 2021 18:23 (UTC +04:00)
"Pepino mozaik" virusu nədir və onunla necə mübarizə aparılmalıdır?

Bakı. Çingiz Səfərli - Trend:

"Pepino mozaik" virusu kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik olan təhlükəli virusdur. "Pepino mozaik"in simptomları virusun genotipinə, sirayətlənmiş bitkinin növünə, vegetasiyasına və iqlim şəraitinə görə dəyişir.

Qida Təhlüksəizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, sirayətlənmiş bitkilərin kök, gövdə, yarpaq və meyvəsində aşkar edilə bilər. İlkin simptomlar sirayətlənmədən 2-3 həftə sonra görünür:

"Saplaqda və çiçək qruplarında çiçəklərin və meyvələrin inkişafına təsir göstərə biləcək qəhvəyi zolaqlar müşahidə edilə bilər. "Pepino mozaik" virusu ilə bitkinin yoluxmasının ümumi əlaməti meyvənin mərmər görünüşlü olması və yarpaqlarda xlorotik rəng dəyişkənliyidir. Virusa yoluxan pomidor bitkilərinin yarpaqlarında kiçik və parlaq sarı ləkələr, sarı-yaşıl mozaika, xloroz, deformasiya, uc yarpaqlarının yüngül qıvrılması, yaşıl yarpaqlarda “xallanma” kimi fərqli viral simptomlar müşahidə edilir. Bitki inkişaf etdikcə yarpaqlardakı simptomlar azalır və ya itir. Buna baxmayaraq, təxminən 4 həftə əvvəl "pepino mozaik"ə sirayətlənmiş və inkişaf etməkdə olan bitkinin demək olar ki, bütün yeraltı və yerüstü hissələrində virusa rast gəlinir. Bəzi hallarda yarpaq və ya gövdədə nekroza səbəb olur. "Pepino mozaik" virusla sirayətlənmiş bitkidə meyvənin rəngi dəyişir, üzərində qeyri-müntəzəm xətlər müşahidə olunur. Meyvənin üzəri mərmər görünüşlü olub, sarı-narıncı rəng alır. Meyvələrdə istehlak dəyərini aşağı salan çatlama, qeyri-bərabər yetişmə, deformasiyalara və kasa yarpaqlarında qəhvəyi rəng dəyişkənliyinə də rast gəlinir.

Bu virus pomidor istehsalında məhsuldarlığı və meyvənin əmtəəlik keyfiyyətini aşağı salmasına görə ən təhlükəli viruslardan biri hesab olunur. "Pepino mozaik" xüsusilə istixanalarda yetişən pomidorlarda 40%-ə qədər məhsul və keyfiyyət itkisinə səbəb ola bilər:

2001-2003-cü illərdə İngiltərədə pomidor istixanalarında aparılan tədqiqatlar nəticəsində virusa yoluxma səbəbindən pomidor istehsalı 6-38% azalıb. 2006-cı ildə məhsulda keyfiyyət itkisi daha az hiss olunsa da, ümumi gəlir itkisi 5-10% arasında olub. Belçikada mütəxəssislər pomidor istehsalçılarının verdiyi məlumatlar əsasında "pepino mozaik" virusunun səbəb olduğu illik itkini 50% qiymətləndiriblər. İspaniyada isə "pepino mozaik" virusu pomidor istixanalarında 15-80% məhsul itkisinə səbəb olmuşdur.

Sirayətlənməsi və yayılması olduqca asan və tez, mübarizəsi isə həddindən artıq çətin olan "pepino mozaik" virusuna qarşı ən səmərəli mübarizə üsullarından biri davamlı sortların əkilməsidir. Virusa qarşı davamlı sort və hibridlərin yaradılması mübarizə baxımından ən vacib məsələlərdəndir.

İstehsal sahəsindəki bitkilər mütəmadi olaraq yoxlanılmalı və virusun simptomları olan bitkilərin üzərinə böyük plastik torbalar keçirilərək diqqətlə çıxarılmalı, sağlam bitkilərə toxunmadan istixanadan kənarlaşdırılaraq yandırılmalıdır. Yoluxmuş bitkinin səthə toxunmamasına xüsusi diqqət etmək lazımdır. Tozlanmada istifadə edilən Bombus arılarının virusla sirayətlənmiş bitkilərlə təmasını nəzərə alaraq yoluxma aşkarlanan istehsal sahəsində ocaqlar məhv edildikdən sonra arı koloniyaları dəyişdirilməlidir. İstehsal sahəsində çalışan işçilər təmiz iş paltarı və əlcək istifadə etməli, istixananın hər bölməsi üçün iş paltarlarını dəyişməlidirlər. Əllər tez-tez sabunlu su ilə yuyulmalı, istixanaların giriş qapılarında dezenfektan hopdurulmuş ayaqaltılar qoyulmalıdır. Alət və avadanlıqlar təmizlənməli və dezinfeksiya edilməlidir. Bu məqsədlə məhsul yığımı zamanı əlcəklər, budama qayçıları, kənd təsərrüfatı alətləri 3-5%-li yağsız süddə saxlanılmalıdır. Məhsulun qablaşdırılmasına xüsusi nəzarət edilməli, xəstəliyin əlamətləri olan məhsullar çeşidlənərək kənarlaşdırılmalıdır. İşçilər istehsal sahəsindən qablaşdırma sahəsinə və ya əksinə keçməməli, istehsal sahəsində çalışan işçilər xəstəliyin əlamətləri və profilaktik tədbirlər barədə maarifləndirilməlidirlər.

Bundan əlavə, turizm məqsədilə xarici səyahətlər zamanı və ya digər yollarla toxum və bitki materialının nəzarətdən kənar ölkəyə gətirilməsi yolverilməzdir. İstehsal sahələrində virusdan qorunmaq üçün gigiyena qaydalarına riayət edilməli, xəstəlik mütəmadi monitorinqlərlə nəzarət altında saxlanılmalı və müəyyən olunduğu ərazilərdə ocaqlar məhv edilməlidir.

"Pepino mozaik" virusu ilə yoluxmamış əkin və səpin materialından istifadə edilməlidir. Toxumlar 70-80°C-də 48-72 saat saxlanıldıqda və 1%-li ağardıcı maye və ya 10%-li Na3PO4 ilə dezinfeksiya edildikdə toxumun cücərmə qabiliyyəti qalmaqla "pepino mozaik" virusu məhv edilə bilər".

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti